"ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib

8 Noyabr 2019 17:46 (UTC+04:00)

"Son 2 ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib".

Mövqe.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, hələlik xarici ölkə vətəndaşlarına ovçuluq biletlərinin verilməsi nəzərdə tutulmur: "Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə qeyd edib ki, ov icazələri birbaşa vətəndaşın yaşadığı regional idarələrə müraciət edilməklə verilir: "Vətəndaş ovçuluq biletini təqdim edir və icazə alır. Amma onların qiyməti heyvan və quşun növündən asılı olaraq dəyişir. Nazirlər Kabinetinin 176 saylı qərarına əsasən, hər bir quşun, heyvanın ödəmə əmsalı var. Yəni quşun hətta növündən asılı olaraq ayrılıqda öz qiyməti var. Ov edərkən istər yerli, istər xarici vətəndaş ov obyektini nə qədər sayda ovlayıbsa, nə qədər sayda təbiətə ziyan vurubsa cəriməsi də bundan asılıdır. İki min manat cərimədən əlavə, nə qədər ov ovlayıbsa, onun cəriməsi də ödənilir. Təbiətə dəyən zərərin məbləği 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi başlanılır".