Masallıda jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

12 Noyabr 2019 10:45 (UTC+04:00)

Noyabrın 1-də həmkarım, neçə-neçə qəzet yazarının ustadı, AJB üzvü, Baş redaktoru olduğum həftəlik "Yeni həyat" qəzetinin məsul katibi, bölgə mətbuatının inkişafında böyük əməyi olan Həsənağa Əliyevin (Həsənağa Əli Murtuza) 70 ili tamam oldu. Bir mənalı ömrün enişli - yoxuşlu şalarları ilə maraqlanıb bir neçə sualıma cavab verməyi xahiş etdim. Qırx ilə yaxın bir zaman kəsiyində tanıdığım. Həmişə hörmət bəslədiyim Həsənağa müəllim bir neçə gündən sonra "Ömrün 70-ci pilləsində yazısını mənə təqdim etdi. Həmin yazını mən də istəkli oxucularımıza təqdim edirəm.
Salam, 70 illiyim! Xoş gördük səni! 70 ildir arxanca gəlirəm. Ancaq sən atlı idin, mən piyada. Nəhayət, həyatın enişli-yoxuşlu, dolanbac yollarından keçib 10 ilin, 50 ilin zamanın aşaraq sənə yetə bildim. Deyəsən, tanış gəldim. Əlimi möhkəm sıxdın. Ani baxışdıq. Bu baxışlarda illərin, onillərin həsrətini duydum, acılı-şirinli xatirələri yaddaşımda oyatdım. Hardan başlayım? Necə başlayım, nələri sadalayım...
...Ötən əsrin yarısına bir il qalmış bu fani dünyaya göz açdım. Ömrün 6-cı pilləsində itirdim atamı. Atamı uşaqlıq xatirələrimdə gizlətmişdim. Bir yazda atam işdən gələndə onu diqqətlə süzdüm. Balaqlarını qatlamışdı, kəlləri hərəkətə gətirmək üçün dəridən toxuduğu qırmacın dəstəyini qoltuğunda sıxıb, quyudan su çəkib yuyunurdı. Üzündəki tüklü qara xəttə, bir az uzun bığlarına baxıb ona 60-70 yaş verirdim. Ürəyimdə “Qocalmısan, qoy böyüyüm, səni belə ağır işdə çalışmağa qoymaram” deyirdim. O da yadımdadır ki, bir il keçməmiş kolxozda ən qabaqcıl çəltikçilik manqabaşçısı kimi qonşumuz Ağarza kişiylə Moskvaya – Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə getmişdin. Gələndə gətirdiyin ən yaxşı hədiyyəni – təbii ipək köynəyi bir neçə il geyindim. Ancaq sevincim çox çəkmədi xəstələndi. Əmim Rza müəllim onu neçə-neçə həkimə göstərdi. Bir gün anam məni atamın yanına – Boradigah xəstəxanasına apardı. Atam başıma sığal çəkib kövrəldi:
-Səni oxutmaq istəyirdim. Ancaq o günü görə bilmədim, dedi.
Atam evimizdə dünyadan köçdü. O gündən anamın ağlar günləri başladı. Hər gün qürub vaxtı eyvanımıza qalxmaq üçün qoyulan taxta pilləkəndə oturub ağı deyib ağlayırdı. Belə vaxtda mən yanında oturub təsəlli versəm də ovunmurdu. Onda bildim ki, atam 41 yaşında köçüb dünyadan, anam 39 yaşında həyatda tək addımlamağa başladı. 4 uşağı böyüdüb ərsəyə çatdırmaq çətindən çətin idi. Şair Nüsrət Kəsəmənli demişkən: Evimizdə biri vardı, biri yox...
Ancaq ömür dağ çayları kimi suları sal daşlara çırpına-çırpına axırdı. Biz də yıxıla-dura böyüyürdük. Tanrı atamızı haqq dünyasına göndərəndə bizə də bir işıqlı insanlara güvənc etmişdi. Əmim, dayılarım bizə pasiban oldular. Dolanışığımız ürəyimizcə olmasa da heç kimə həsəd aparmırdıq.
Atam dünyasını dəyişəndən 1 il sonra Mahmudavar məktəbinə getdim. Mərhum Qəzənfər Cəbiyev məni sinifkom seçdi. Anam üstümdə nanə yarpağı kimi əsirdi. “Əlifba”dan başqa bir savadı olmasa da hər axşam müəllimin evə verdiyi tapşırıqları ilə maraqlanardı. Təhsilim üçün çox narahat idi. Söz vermişdi ki, məni oxudacaq. Bunu mənə həmişə xatırladırdı. İllər keçdikcə arzuların qanadında qeyri-adi hisslərlə yaşayırdım. Bütün fənləri əla bilirdim. Tarixə, ədəbiyyata marağım daha çox idi. Bir dəfə təbaşir üçün müəllimlər otağına getmişdim. Ədəbiyyat müəllimimiz məni görən kimi qolumdan tutub direktorun qarşısına apardı:
-Ədəbiyyat dərnəyinə bu balaca oğlan rəhbərlik edəcək, mənim ən yaxı şagirdimdir.
O gündən ədəbiyyata bağlandım. Dərnəkdə klassiklərin, müasirlərin əsərlərini müzakirə edərdik. Məktəbdəki “Ədəbiyyatçı”, “Sancaq”, “Mozalan”, “İşıq” divar qəzetlərini artıq müstəqil tərtib edib maraqlı yazılarla müəllim və şagirdlərə çatdırmağa çalışırdım. Divar qəzetlərinin müsabiqəsində qalib olurdum.
Əsrin 67-ci ilində arzusunda olduğum ADU-nun Jurnalistika şöbəsinə sənədlərimi verdim. Kəndə pəjmürdə qayıtmağım anamı çox kədərləndirdi. Bilirdim niyə. Deməli, atamın arzusunu, vəsiyyətini yerinə yetirə bilməmişdim. Dərhal sovxozda fəhləliyə başladım. Bu, anamın ürəyindən olmadı: Biz birtəhər dolanırıq, sən ruhdan düşmə, ümidimizi qırma...
Savadlı, qayğıkeş müəllimlərim vardı. Əbdülrza, Sahib, Xanəhməd, Hidayət, Şabıəli, Urşan, Hüseyn müəllimlərimi heç vaxt unuda bilmirəm. Onlar mənə böyük ümid bəsləyirdilər. Bu ümidi mütləq doğrultmalıydım. Bir il sürətlə gəlib keçdi. Sənədlərimi qiyabi şöbəyə verdim. Yüksək qiymətlərlə anamın arzularını göyərtdim. Kəndə gələn kimi anam məni atamın məzarının ziyarətinə göndərdi. – Ruhu şad olacaq, - dedi.
...Ömrümün mənalı, xatirələrdən silinməyən illərinə qədəm qoymuşdum. Soxozda tərəvəzçilik briqadalarının birində çalışır, imtahanlara hazırlaşır, rayondakı “Çağırış” qəzetinə məqalələr göndərir, mütəmadi mütaliə edirdim. Tanınmış jurnalist müəllimim Nurəddin Babayevlə əlaqə saxlayırdım. Yazılarımı ona oxudub məsləhətlər alırdım. –Darıxma, yazıların ümidvericidir,- deyə təsəlli və tövsiyələrini verirdi.
1971-ci ildə “”Çağırış”ın mətbəəsində mürəttib kimi işə başladığım gün anam niyə qəhərləndi bilmədim. Ancaq üzündə qeyri-adi sevinci, gözlərindəki işığı duya bildim.
Həyat həmişə məni sınayırdı. Təhsildə də, iş yerində də, ailə vəziyyətində də...Ancaq uca Tanrı bu sınaqlardan keçmək üçün mənə həmişə güc, qüvvət verirdi. Həyat yaxşıların əməlləri ilə maraqlıdır. Ömrüm bu yaxşıların çırağına ayna tutub məni irəliyə aparırdı.
Vaqif müəllim istedadlı şair idi. Bu özünü qəzetdə də göstərirdi. “Çağırış” rayon qəzetlərinin arasında demək olar ki, birinciydi. Tərtibatı, yazıların kəsəri nüfuzunu artırırdı. Təsadüfi deyil ki, “Çağırış” məhz V. Hüseynovun redaktorluğu dövründə SSRİ Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülmüşdü.
Mən korrektor işləsəm də oxucu məktublarının işlənib hazırlanmasına da kömək edirdim. Qəzetdə vəzifələrimi saymağa ehtiyac duymuram. Çünki, iş prosesi elə qurulub ki, hamı yazmalıdır, hamı qəzetin nümunəvi tərtibatda, səhvsiz olmasına cavabdehdir. İlk gündən indiyə kimi bir yerdə çalışdığım dostlarımı həmişə xatırlayıram. İbrahim müəllim də qəzetin redaktoru kimi məsuliyyətli, tələbkar, qayğıkeş idi. İstəyirdi ki, kənardan bizə yazan istedadları qəzetə cəlb etsin. Məhz həmin dövrdə yaxşı publisist, istedadlı şair Rəsul Rzayevi qəzetə dəvət etdi. Bu gözəl insanla 42 il birgə çalışdıq. Bu gün onun yoxluğu qəlbimdə nisgilə dönüb. Həmin illərdə bir yerdə çalışdığım İsaq Mirzəyevi, Nəbi Əhmədovu, Mühacir Qurbanovu, Allahbaxış Səfərovu, İnşalla Məmmədovu...itirmişəm.
Həyat şirindir. 70 ili göz qırpımı sayıram. Deməli, hələ yaşamaq, sevimli peşəmi davam etdirmək istəyirəm. Ömrümün bu çağında özümə dost gəzirəm. Axı, dostlarsız, həmdəmsiz həyatın nə ləzzəti? Uzun illər bir yerdə çalışdığım həmkarlarım Əyyub Mehdiyevi, Əyyar Tahirovu, hər gün bizi arayıb-axtaran rayon ağsaqqallarının məsləhət verəni, yazıçı-publisist Ələşrəf Niftiyevi, keçmiş çapçı dostum Ağaxan Mirzəyevi gündə görməsəm itkili adama dönürəm.
Yenə hər gün işə tələsirəm. İndi iş yoldaşlarım— baş redaktor Əlihüseyn Şükürov, baş ədəbi işçi Akif Ağayev, kompüter mərkəzinin rəhbəri Südabə xanımın doğma səsi, qayğısı qəlbimin təpərini daha da artırır.
Ömrümün 70-ci pilləsindən sonra neçəsini qalxa bilərəm, bu, Allahın məsləhətidir. Tanrıdan isə diləyim budur: Ulu Tanrı, mənə və dostlarıma cancağlığı ver. Ruzimizi bol elə, qəlbimizi sevgi ilə nurlandır, yaxşı insanları, dostlarımı artır.
70 ilim, səndə nələri qazandım, nələri itirdim. Bunları saymaq bu gün mənə çətindən çətindir. Yaşamaq məsuliyyətdir, vətəndaşlıqdır, insanlıqdır. Mən də yaşadım, ömrümü mətbuata bağladım ki, el-obama, Vətənimə gərək olum. 50 illik qəzetçilik fəaliyyətimdə qazandığım fəxri fərmanların sayı-hesabı yoxdur.
SSRİ Jurnalistlər İttifaqının üzvü, sonra AJB rayon təşkilatının sədri oidum. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası Rəyasət Heyətinin üzvlüyünə seçildim. “Qızıl qələm”, H.B.Zərdabi diplomu və başqa media mükafatlarına layiq görülmüşəm. 8 publisistik kitabım işıq üzü görüb. Təvazökarlıqdan kənar olsa da cəsarətli jurnalist olmağımdan razıyam. Ötən əsrin 90-cı illərində rayonda aparılan torpaq islahatlarında, özəlləşdirmədəki özbaşınalıqlar barədə onlarca tənqidi məqaləm ölkə və rayon mətbuatında dərc olunub. Bu gün də bəzi neqativ halların qəzetə gətirilməsində diqqətliyəm.
Çalışdığım “Yeni həyat” qəzeti həmişə oxucularını razı salır. 70 illiyimdə “Yeni həyat”ın rayon qəzetləri arasındakı uğuru AJB-nin H.B.Zərdabi diplomuna layiq görülməsi dediklərimə nümunədir.
40 ildən çox Mahmudavar məktəblərində uşaqların tərbiyəsi ilə məşğul olan ömür-gün yoldaşım Rəviyyə xanımla 5 övlad – 3 oğul, 2 qız böyüdüb ərsəyə çatdırdıq. Hər birinin ev-eşik sahibi olduğunu görüb Tanrıya şükürlər edirik.
Təqvalı insan kimi Məşəd ziyarəti qismətimə düşüb. İndi böyük bir rayonda məni əsl ziyalı, təcrübəli jurnalist, el ağsaqqalı kimi qəbul edib hörmət, ehtiram bəsləyirlərsə, deməli xoşbəxt insanam. İndi Mahmudavarda ağsaqqallarla birlikdə küsən ailələri barışdıra bilirəmsə, qonşu münaqişələrini aradan qaldırıramsa, xəstə ahıllara, imkansız ailələrə baş çəkirəmsə bundan qürur duyuram.
70 illiyim, gəl qucaqlaşaq, ömür pilləkənlərini bir-bir qalxmaqda müşahidəçim ol. Görək, 80-ci pilləyə qalxa bilərəmmi? Əlvida, 80-də görüşmək üçün Tanrı mənə yar olsun!

                                                                                           xxx

  ...Rayon Ağsaqqallar klubunda təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin   Əliyev yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıb. S.Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Həsənağa Əliyevə təqdim edib.
Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən danışıblar. 
 Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Babayev, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Bədəlan   tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova,   MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı şəhər bələdiyyə sədri Azər Baxışov,   ağsaqqallar Şərafət Əzimov, Həmdulla Məmmədov, Dadaş Məmmədov, Mahmudavar   kənd   ümumi tam orta məktəbinin direktoru İsa İbadov və başqaları çıxışlarında, yubilyarı təbrik edib, barəsində xatirələr söyləyiblər.
Sonda yubilyar Həsənağa Əliyev tədbirin təşkilinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.
Yubilyara AJB-nin H. B.Zərdabi diplomu, rayon ağsaqqallar şurasının, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.
Təqdim etdi:
Əlihüseyn Şükürov.