Kommunal xidmətlər göstərən bir sıra şirkətlərin xarici investorlara icarəyə verilməsi gündəmə gəldi

14 Noyabr 2019 08:08 (UTC+04:00)

 

Milli Məclisin büdcə müzakirələrinə həsr olunmuş son plenar iclasında deputat Fazil Mustafa təklif edib ki, ölkəmizdə kommunal xidmət göstərən şirkətlər xarici investorlara idarəetməyə verilsin:

“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.

Onun sözlərinə görə, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin hökumətin bu şirkətlərin borcunu qaytarmaq riskini qaldırar. Daha çevik və müasir xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və dövlət qarşısında daha hesabatlı, şəffaf şirkətlərin meydana çıxmasına, iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarada bilər”. Səslənən təklifin reallaşması mümkündürmü və bu baş tutsa hansı üstünlüklər qazandıracaq?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, kommunal xidmət sektorunun xarici şirkətlərin idarəetməsinə verilməsi mümkün və vacibdir: “Kommunal xidmətlərin özəlləşdirilməsi və yaxud uzun müddətə icarəyə verilməsi məsələsi dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunan məsələlərdəndir. Azərbaycanda bu istiqamətdə praktika da olub.

Xatırlayırsınızsa, Bakı Şəhəri Elektrik Şəbəkəsi bir müddət “Barmek”ə icarəyə verilmişdi. Sonradan isə müəyyən problemlərin yaşanması ilə həmin şirkətlə müqavilə ləğv edildi. Amma bununla belə kommunal xidmətlərin xarici sərmayədarlara icarəyə və idarəetməyə verilməsi vacib məsələdir. Çünki kommunal xərclər dövlət büdcəsi üzərində böyük yükə malikdir”.

İqtisadçı qeyd etdi ki, dövlət büdcəsindən dotasiyalar  və böyük kömək almasına baxmayaraq, kommunal xidmətlə məşğul olan təşkilatların əksəriyyəti hələ də ziyanla işləyir: “Bu da birmənalı şəkildə qeyri-effektiv idarəetmənin nəticəsidir. Ona görə də idarəetmənin effektivliyini artırmaq, həm də dövlət büdcəsinə əlavə yük olan dotasiyaların aradan qaldırılması üçün həmin sahəni xarici şirkətlərə icarəyə və yaxud onlarla yerli şirkətlərin birgə müəssisələri fonunda idarəetməyə vermək olar”.

N. Cəfərli bildirdi ki, sözügedən sahə xarici şirkətlərə icarəyə verilsə də, onların tariflərin artırılmasına getmələrinə imkan vermək olmaz:  “Burada bir məsələ var, xarici şirkətlərin ixtiyarına verildikdən sonra, həmin idarəetmə nəticəsində tariflərin artmasının qarşısı alınmalıdır. Yəni elə olmasın ki, xarici şirkətlər kommunal sahələri icarəyə götürən kimi, qiymət tariflərini də qaldırsınlar. Bu doğru olmaz. Ona görə də kommunal xidmətlərin idarəedilməsinin xarici şirkətlərə həvalə edilməsi zamanı müqavilə bağlanarkən həmin şərtlər nəzərə alınmalı və tarif siyasəti dövlətin müəyyən vergi və digər güzəştləri müqabilində dəyişməz olaraq qalmalıdır. Yaxud tarif siyasəti dəyişərsə, bu, dövlətlə razılaşdırılmış şəkildə olmalıdır. Yəni burada yeganə çəkindirici məsələ tariflərin birdən-birə artırılması ehtimalının yüksək olması amilidir”.

Həmsöhbətimiz söylədi ki, kommunal xidmətlərin xarici investorların icarəsinə verilməsindən dövlət büdcəsi qazanacaq: “İlk növbədə bu gəlir icarə xərcləri formasında gələcək. Yəni icarə müqaviləsi çərçivəsində həmin şirkətlər dövlət büdcəsinə əlavə vəsait ödəməli olacaqlar. Bundan əlavə qazanclarından vergi ödəyəcəklər.

Başqa bir tərəfdən, dövlət büdcəsindən həmin sahəyə ayrılan dotasiyalar da tamamilə kəsiləcək ki, bu da xeyli dərəcədə büdcəyə qənaət etməyə imkan yaradacaq. Hazırda isə dövlət tərəfindən kommunal xidmət göstərən şirkətlərə dotasiya olaraq ümumilikdə ildə 1,5 milyard manata yaxın vəsait ayrılır. Sahənin xarici şirkətlərin sərəncamına verilməsilə isə həmin vəsaiti artıq sosial sahələrə yönəltmək mümkün olacaq”. 

Ekspert düşünür ki, bu addımın atılmasından ən başlıcası əhali qazanacaq: “Bu gün əhali ilə kommunal xidmət göstərən dövlət şirkətləri arasında müqavilələr demək olar ki, yoxdur. Olan müqavilələr də tipik müqavilələrdir və bütün məsuliyyət vətəndaşın çiyninə atılır.  Kommunal xidmətlərin xarici investorların idarəetməsinə verilməsi fonunda isə, vətəndaş hər hansı xidmətdən narazı qaldıqda öz haqqını müdafiə etmək üçün çox asanlıqla həmin özəl şirkəti məhkəməyə verə və şirkətin səhvi üzündən dəyən maddi ziyana görə müəyyən kompensasiyalar əldə edə bilər”.

Rüfət NADİROĞLU