Aqrar sahəyə xərici sərmayə axını üçün mühüm addım

14 Noyabr 2019 09:31 (UTC+04:00)

ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib. Burada qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştatının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır. Ümumiyyətlə, ABŞ və digər xarici ölkələrdən  kənd təsərrüfatına sərmayə axını necə təmin olunmalıdır? Bu baş verərsə, Azərbaycan iqtisadiyyatı bundan hansı üstünlüklər əldə edəcək? Belə vəziyyət ixraca necə təsir göstərəcək?

Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, xarici ölkələrdən Azərbaycanın aqrar sektoruna sərmayə axını beynəlxalq qaydalara əsasən təmin olunmalıdır: “Xarici ölkələrə sərmayə yatırılması ilə bağlı beynəlxalq qaydalar mövcuddur. Xarici sərmayənin gəlməsində maraqlı olan  istənilən ölkə bunun üçün ərazisi daxilində həmin sərmayə üçün münbit şərait yaratmalıdır və yerli qanunlar əsasında xarici sərmayə qoyulur”.

Həmsöhbətimiz xarici investorların aqrar sahəyə pul qoymaq istiqamətində marağının yaranması üçün bu sektorla bağlı olan mövcud problemlərin aradan qaldırılmasını vacib saydı: “Bu mənada kənd təsərrüfatı sahəsinə xarici, xüsusən də inkişaf etmiş Qərb  sərmayəsinin gəlməsi üşün  mövcud olan əksiklər də aradan qaldırılmalıdır. Belə olarsa, xarici investor da gələrək rahat şəkildə sərmayə qoyacaq. Yəni o, müsbət mənada investisiya mühitilə təmin edilməlidir.

Azərbaycanın kənd təsərrüfatı sahəsinə xarici sərmayə qoyuluşuna mütləq mənada ciddi ehtiyac vardır. Həmin sərmayə də aqrar sektorun bir çox sahələrinə yatırıla bilər. Kənd təsərrüfatı infrastrukturunun qurulmasından tutmuş, müasir soyuducu anbarların yaradılmasına qədər xarici sərmayənin qoyuluşu bu sahələrdə mühüm dönüşə səbəb ola bilər”.

Q. Bayramlı düşünür ki, həmin sərmayə də ilk növbədə aqrar sahənin ekstensiv üsuldan intensiv üsula keçməsi, habelə şoran torpaqların əkinə yararlı hala salınması istiqamətinə xərclənməlidir: “Fikrimcə, xarici sərmayə ilk növbədə ölkəmizdə hökm sürən ekstensiv inkişaf metodundan qurtularaq intensiv inkişaf metoduna keçmək məsələsinə sərf edilməlidir. Xarici sərmayə qoyulsa və ondan səmərəli şəkildə istifadə edilərsə, ölkəmizdə həm məhsuldarlıq yüksələcək, həm kənd təsərrüfatının ayrı-ayrı arxasayn sahələrində dirçəlişin baş verməsinə səbəb olar. Suvarma sisteminə belə sərmayə qoyuluşunun ciddi ehtiyacı var.

Xarici sərmayə burada həmçinin strukturunda pozulmalar olan torpaqların yaxşılaşdırılmasına, irriqasiya sisteminin həyata keçirilməsinə qoyulmalıdır. Çünki indiki halda yararsız hala düşən torpaqların kənd təsərrüfatı üçün yararlı hala gətirilməsi istiqamətində əməli addımların atılmasına ehtiyac vardır. Xarici investorların bura sərmayə yatırması üçün ilk növbədə onlar Azərbaycana gələrək yerli şəraitlə tanış olmalıdırlar. Bu mənada onlara tanışlıq üçün  imkan yaradılmalıdır ki, özlərinin seçim imkanları olsun. Burada sıx dialoqa, səmərəli iş birliyi və əməkdaşlığa ehtiyac var. Sərmayənin qoyulması isə sonrakı məsələdir. Yetərli olan onlar üçün burada lazımi şəraitin yaradılmasıdır. Lazım gəlsə, xarici sərmayədarlar üçün vergi və digər sahələrdə təşviqlərə də getməliyik ki, onlar ölkəmizin aqrar sektoruna investisiya qoymaqda maraqlı olsunlar. Xarici sərmayənin gəlişi, onun səmərəli sonuclarının üzə çıxması başqa ölkələrin şirkətləri üçün də  anoloji addımlar atmaq yolunda gözəl bir nümunə ola bilər. Bu sahədə geniş tanıtım, təbliğat, reklam işlərini də genişləndirməliyik. Bütün bu addımların atılması fonunda Azərbaycan həmin prosesdən qazanacaq. Xarici investisiyanın ölkəmizin kənd təsərrüfatına sərmayə qoymalarına ehtiyacımız var”.

Rüfət NADİROĞLU