Avropa Uroloji Dərnəyinin üzvü: Azərbaycanda uroonkologiya sahəsində çatışmazlığın olduğunu demək olmaz

16 Noyabr 2019 12:58 (UTC+04:00)

Azərbaycanda uroonkologiya sahəsi üzrə görülən işləri çox yüksək dəyərləndirmək olar.

Mövqe.az-ın məlumatına görə, bunu Avropa Uroloji Dərnəyinin üzvü, Türkiyənin Hacettepe Universitetinin professoru Sərdar Tekgül deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən müasir texnologiyaları tətbiq edən müalicə mərkəzi - Milli Onkologiya Mərkəzi fəaliyyət göstərir. Amma hər zaman tibb sahəsində bilgilərin paylaşılması, hər kəsin öz təcrübəsini paylaşması bu işə öz töhfəsini verir.

S.Tekgül əlavə edib ki, artıq Azərbaycanda uroonkologiya sahəsində hər hansı çatışmazlığın olduğunu demək düzgün olmaz: "Hər şey yaxşı həyata keçirilir, amma bunun daha da yaxşı inkişaf etdirilməsində simpoziumun əhəmiyyəti böyükdür. Azərbaycanda uronkologiya sahəsində çox dəyərli işlər aparılır. Bu sahə inkişaf etdirilir, yeni texnologiyalar vasitəsilə yeni müalicə metodları tətbiq edilir. Simpozium çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycanda uroonkologiyanın inkişafına, bu sahə üzrə kadrların təkmilləşməsinə töhfə verəcəyinə inanıram".