Fəal yaşlanmanı və ahılların fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasına başlandı

19 Noyabr 2019 16:08 (UTC+04:00)

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində layihənin komponentlərindən olan “Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbir keçirilib. Bakı Kitab Mərkəzində keçirilən tədbir cəmiyyətdə fəal yaşlanma və ahılların fəal iştirakçılığı ideyasının təbliğinə həsr olunub.

Tədbirdə BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Agentliyinin), Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN), “Üçüncü Bahar” Təşəbbüs Qrupunun nümayəndələri, yaşı 65-dən yuxarı olan şəxslər, o cümlədən ahıl vətəndaşlar iştirak edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev Fondun Azərbaycan hökuməti ilə əhalinin bütün təbəqələrinin rifahının təmin edilməsi sahəsində səmərəli əməkdaşlığından bəhs edib. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

F.Babayev qeyd edib ki, hazırkı layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” konsepsiyasının təşviqi istiqamətində göstərdiyi səyləri dəstəkləmək məqsədi daşıyır. “Buna nail olmaq üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılması və müştərək sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi kimi bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər həyata keçiriləcək”, deyə F.Babayev qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri də yaşlı insanlara, ahıl vətəndaşlara dövlət qayğısının ildən-ilə artırılmasıdır. Ötən dövrdə aparılan işlər nəticəsində yaşlı, ahıl insanlar etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.

B.Hüseynov ahılların pensiya təminatının yaxşılaşdırılması sahəsində atılan mühüm addımları qeyd edib. O, yaşlıların, ahıl şəxslərin sosial xidmətlərlə də əhatə olunduqlarını, nazirliyin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şəraitin yaradıldığını, son illərdə müəssisə üçün ikinci korpusun istifadəyə verildiyini deyib. Heydər Əliyev Fondunun nəcib layihələri çərçivəsində həmin müəssisədəki sakinlərin qayğı ilə əhatə olunması üçün ardıcıl işlərin aparıldığını da qeyd edib. Sosial xidmət sahəsində yeni istiqamət kimi cari ildə nazirliyin sifarişi əsasında ahıllar üçün də günərzi xidmət mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “Gümüşü Könüllü” proqramı barədə məlumat verib, proqramın pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına DOST mövqeyindən dəstək məqsədi daşıdığını qeyd edib.

Şöbə müdiri nazirlik və BMT-nin Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin bu kateqoriyadan olan vətəndaşların rifahı, fəal yaşlanma və ahılların fəal iştirakçılığının təşviqi üçün hökumətin göstərdiyi səylərə dəstək olduğunu deyib. O, layihənin bir komponenti kimi bu istiqamətdə təşviqedici məlumatlandırma kampaniyasına başlanmasının ölkədə bir ilk olduğunu və əhəmiyyətini vurğulayıb.

Tədbir əsnasında layihənin icraedici tərəfdaşı olan “Üçüncü Bahar” Təşəbbüs Qrupunun rəhbəri Nərmin Qəniyeva məlumatlandırma kampaniyasına dair təqdimat edib. Qrup tərəfindən təsis edilmiş “YAŞA” Mərkəzinin üzvləri öz uğur hekayələrini bölüşüblər. Sonda asudə vaxtlarını bu mərkəzdə keçirən pensiyaçıların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, BMT-nin Əhali Fondu 2019-cu ilin iyul ayından etibarən Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Statistika Komitəsi, ASAN ilə sıx əməkdaşlıq çərçivəsində “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihənin icrasına başlayıb. Fəal yaşlanmanın təşviqi məqsədilə təbliğat, ənənəvi və müasir kommunikasiya üsulları vasitəsilə ictimai maarifləndirmə səviyyəsinin artırılması layihənin əsas istiqamətlərindən biridir.

Maarifləndirmə və təşviqat proqramı çərçivəsində Bakı və Mingəçevir şəhərlərində, Bərdə, Lənkəran və Xaçmaz rayonlarında əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşlərinin keçirilməsi nəzərdə tutulur.