Azərbaycan və yəhudi lobbisindən ermənilərə böyük zərbə

21 Noyabr 2019 08:44 (UTC+04:00)

Ermənistanda bu gün ciddi narahatlıq hökm sürür ki, yəhudi lobbisi Azərbaycan və Türkiyə ilə çox yaxınlaşır. Bu fonda xatırladaq ki, bir neçə gün öncə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ABŞ-da səfərdə olaraq buradakı yəhudi lobbisilə görüşüb.

Ümumiyyətlə, dünyada güclü nüfuza malik yəhudi lobbisi Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Yəhudi lobbisinin Azərbaycan və Türkiyə ilə daha sıx yaxınlaşması İrəvanda ciddi təşviş və narahatlıq yaradıb. Bunu erməni mətrbuatının yazdıqlarından da aydın şəkildə sezmək olar.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan və yəhudi lobbisinin bir-birilə daha sıx yaxınlıq nümayiş etdirməsi Ermənistanın uydurduğu yalanlarının üzə çıxması, işğalçı ölkənin qəsbkar niyyətinin ifşa olunmasına gətirib çıxarır. Bunun da nəticəsində həmsöhbətimizə görə, erməni lobbisi ABŞ-dakı mövqelərini tədricən itirməyə başlayıb. Məhz bu səbəbdən erməni lobbisi Azərbaycan, Türkiyə və yəhudi lobbisi arasındakı yaxınlıqdan belə narahat olmağa başlayıb: “Azərbaycanın son dövrlər lobbiçilik fəaliyyətini artırması, xüsusilə də  yəhudi lobbisilə birgə işləmək istiqamətində gördüyü işlər İrəvanı ciddi şəkildə narahat edir. İndiyə kimi, Ermənistan öz lobbiçilik fəaliyyəti ilə ABŞ-da, Avropada Türkiyə və Azərbaycan əleyhinə geniş kampaniya aparırdı. Artıq Azərbaycan öz xarici siyasətində yeni bir gedişaata imza ataraq ABŞ-dakı yəhudi icması ilə sıx işbirliyi həyata keçirir. Nəticədə bu istiqamətdə yəhudi lobbisilə əlaqələrimiz formalaşıb.

Qeyd edim ki, ABŞ-da fəaliyyət göstərən yəhudi lobbisi dünya miqyasında ən güclü lobbi sayılır. Bu lobbi ilə Azərbaycanı bağlayan ümumi tellər var. Bildiyiniz kimi, yəhudi icması əsrlər boyudur Azərbaycanda dinc və əmin-amanlıq şəraitində yaşayır. Bu da yəhudilərlə umumi bağlılığımızın bir göstəricisidir. Təbii ki, bu mənada Azərbaycanla yəhudi lobbisi arasında əlaqələrin güclənməsi Ermənsitanda soyuq duş effekti yaradıb.

Bu günlərdə Azərbaycanın Dağlıq Qarabağdakı azərbaycanlı icmasının rəhbərliyi Amerikada səfərdə olaraq orada bir sıra görüşlər keçirib. Həmçinin bu səfər fonunda yəhudi lobbisilə görüşlər və birgə tədbirlər baş tutub. Bunun özü də ABŞ-da erməni təbliğatına qarşı mübarizədə, informasiya savaşında  Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edir. Belə ki, həmin görüşlərdə yəhudi lobbisi Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirdi.

Nəticədə İrəvanın indiyə kimi əlində silah olaraq tutduğu lobbiçilik fəaliyyəti fiaskoya uğramaqdadır. Bu vəziyyət isə Azərbaycanın yəhudi lobbisilə birlikdə ermənilər üzərində həmin istiqamətdə artıq psixoloji və real qələbə çalmasına gətirib çıxarıb. Bunun ardınca Azərbaycan, yəhudi və türk lobbilərinin birgə fəaliyyətilə ermənilərin «qondarma soyqırım», həmçinin Qarabağla bağlı müxtəlif yöndə keçirdikləri tədbirlər və siyasi gedişlərin qarşısının alınması istiqamətində  mühüm işlərin şahidi olacağıq. Dünyada yeni nizam formalaşır. Dünyamız artıq yeni dəyişikliklərə açıqdır. Bu dəyişikliklər fonunda da artıq yeni strategiya formalaşıb. Bu strategiyada tək siyasi və hərbi cəhətdən deyil, diplomatik və informasiya baxımdan güclənməyi də özündə ehtiva edir. Azərbaycan da xarici siyasətində bu amillərə üstünlük verir. Yəhudi lobbisilə sözegedən birgə fəaliyyətimiz erməni lobbisinə sözün həqiqi mənasında güclü bir zərbə olacaq. Son dövrlərin prosesləri də göstərir ki, İrəvan informasiya müharibəsində artıq Azərbaycana uduzur. Ermənistan ictimai-siyasi dairələrin keçirdikləri narahatlıqlarda bunun təsdiqidir. Ermənistan mətbuatına fikir verəndə görürük ki, onlar Azərbaycanın həmin istiqamətdə gördüyü işlərədn ciddi təşvişə düşüblər. Belədə düşmən ölkənin atdığı kontr addımları da fiaskoya uğrayır. Bu da onu göstərir ki, Azərbaycanın həmin istiqamətdə həyata keçirdiyi fəaliyyət doğrudur. Düşünürəm ki, bundan sonra Ermənistan bu sahədə Azərbaycan qarşısında məğlub duruma düşəcək.

İrəvan da artıq Azərbaycana uduzduğunun fərqindədir. Belədə çıxış yolu axtarırlar. Lakin onlaırn çıxış yolu qapanmaq üzrədir. Erməni lobbisinin yalanları Azərbaycan və yəhudi lobbisinin birgə fəaliyyəti nəticəsində fiaskoya uğrayır”.

Rüfət NADİROĞLU