Yataqxanada zəhərlənən tələbələrin kimliyi məlum oldu - ADLAR

21 Noyabr 2019 15:19 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.

Mövqe.az-ın məlumatına görə, hadisə nəticəsində ölən tələbə, BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir.

Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.

Qeyd edək ki, BDU rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb.