Raqif Abbasov: "Azərbaycan millisində ürəklə oynamaq çatışmır"

21 Noyabr 2019 16:59 (UTC+04:00)

"Slovakiya ilə son oyunda da istəyimizə nail ola bilmədik. Yığma komanda seçmə mərhələdə bir xal topladı. Əlbəttə, bu, bizi qane edə bilməz". 

Bunu "Report"a açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı barədə danışarkən deyib. Yığmanın Uels və Slovakiya ilə səfər oyunlarını canlı izləmiş R.Abbasovun fikrincə, seçmə mərhələdəki göstərici ilə bağlı məşqçilər korpusu da təhlil aparmalı, naliyyətlərin daha yaxşı olması üçün nələri etmək və nələri dəyişməyin gərəkliyi müzakirə olunmalıdır". 

Baş İdarə rəisi hazırkı millinin müsbət tərəflərindən də danışıb: "Hər bir azərbaycanlı kimi mən də istəyirəm ki, milli komandanın qələbələri, nailiyyət və uğurları çox olsun. Bu gün Azərbaycan dövləti idmanın bütün növlərinin inkişafına şərait yaradıb. Futbol komanda idman növü olduğu üçün uğurların əldə olunması və nəticələr digər idman növlərindən fərqlənir. Amma bəzi məqamlar var ki, onları deməliyəm. Biz Azərbaycan millisinin gəncləşdiyini görürük. Orta yaş həddi aşağı düşüb. Bu da bizə onu deməyə əsas verir ki, bu mərhələdə millidə iştirak hüququ qazanan bu futbolçular növbəti mərhələdə daha təcrübəli olacaqlar". 

İdman funksionerinin fikrincə, Azərbaycan Premyer Liqasında klubların sayı az olsa da, onların əksəriyyəti yığmada ən azı bir oyunçu ilə təmsil olunur: "Bu, klubda rəqabətin artması, bütövlükdə klub sisteminin inkişafı baxımından önəmlidir, oyunçulara stimuldur. Hər bir futbolçu üçün millinin formasını geyinmək şərəfdir. İstəyirik ki, ölkə xaricində çıxış edən oyunçularımız çox olsun. Bunun üçün həm klublar, AFFA və futbol ictimaiyyəti, bir sözlə, hamı çalışmalıdır. Xarici klublardakı futbolçularımızın sayı çox olmalıdır ki, bu milli komandaya müsbət təsir etsin, futbolçuların oyun və beynəlxalq təcrübəsi artsın. Ümid edirəm ki, növbəti mərhələlərdə daha yaxşı nəticə olacaq". 

R.Abbasov komandanın baş məşqçisi Nikola Yurçeviç barədə də danışıb: "Obyektiv yanaşmaq lazımdır. Mətbuat, azarkeşlər, daha çox insan demək olar ki, yığmanın çıxışından narazıdır. Qorxaq və müdafiə futbolunun olması barədə yazılar çoxdur. Bu da normaldır. Sağlam tənqid lazımlıdır. Amma baxaq görək, hazırkı baş məşqçi komandanı nə vaxt qəbul etdi, bu kollektivlə nə qədər müddətdə işlədi, əlinin altında hansı məhsul var idi? Hesab edirəm ki, təkcə məşqçilər korpusunun işini dəyərləndirmək üçün bu zaman kəsiyi çox azdır. Tez-tez baş məşqçi dəyişikliyinin mənfi və müsbət tərəfləri də var. Müsbəti odur ki, problem olanda onu həll edirsən, daha yaxşısını axtarırsan. Amma mənfisi odur ki, bizim növbəti rəsmi oyunlar üçün nə qədər vaxtımız var? Cəmi 10 ay. 10 ay ərzində nəyi dəyişmək olar? Yeni baş məşqçi bunun öhdəliyini götürəcəkmi və onun qarşısına hansı məqsəd qoyulacaq? Bunlara cavab veriləndən sonra məşqçilər korpusunun taleyi barədə danışmaq olar. Amma düzələsi və görüləsi çox iş var".

Baş İdarə rəisi növbəti mərhələlər üçün ümidli olduğunu deyib: "Tək bir nəfərimiz də meydana çıxsa, deyəcəyəm ki, ümid var. Bir oyunçu da olsa, sona kimi vuruşmalıdır. Ona görə ki, şərəf söhbətidir. Milli komanda - Azərbaycan deməkdir. Ümid hər zaman var. Bəzən hansısa oyunçunun keyfiyyətləri digərindən yüksək ola bilər. İnsan bir çox hallarda son nəfəsə kimi vuruşanda bacardığının daha artığını ortaya qoyur, meydanda daha çox iş görür. 100 faiz ürəklə oynayanda təcrübəsizlik belə kənarda qalır. Hazırda komandada ürəklə oynamaq çatışmır".