“Miqrant dəllalları”nın toruna düşənlər geri qayıdır

22 Noyabr 2019 08:29 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəyə qaytarılan miqrantlarla bağlı bildirib ki, Avropa Birliyilə readmissiya sazişi imzalanandan sonra 1385 nəfər geri qaytarılıb və hələ daha bu qədərinin qaytarılacağı da gözlənilir. Bu fonda demək olarmı ki, “miqrant dəllalları”nın toruna düşənlər sadəcə dələduzluq qurbanına çevrilir? Digər tərəfdən onlar  hansısa Avropa dövlətinə getmək istəyirsə, bunun üçün niyə leqal yollardan istifadə etmir? “Miqrant dəllalları”nın bu əməlləriən son qoyulmas üçün hüquqi müstəvidə hansı addımlar atılmalıdır? 

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş bağlanıb: “Azərbaycan onu 2014-cü ildə, Avropa İttifaqı isə 2015-ci ildə ratifikasiya edib. Belədə Danimarka və Böyük Britaniya istisna olmaqla digər üzv dövlətrlərlə birlikdə Azərbaycanın ölkəmizdən Avropa İttifaqına gedib orada icazəsiz yaşayan şəxsləri readmissiya etmək öhdəliyi var. Bu öhdəliyə görə tək Avropada icazəsiz yaşayan Azərbaycan vətəndaşları readmissiya olunmamalıdır. Həm də ölkəmizə gələrək Azərbaycan üzərindən tranzit ölkə kimi istifadə edib “köhnə dünya” dövlətlərinə gedən şəxsləri də Bakı readmissiya etməlidir. Bu öhdəlik çərçivəsində zaman-zaman geri qaytarılma halları baş verir.

Keçən əsrin 90-cı illərindən Avropaya xeyli sayda Azərbaycan vətəndaşı, yaxud da ölkəmizdən tranzit yolu kimi istifadə etməklə xeyli şəxslər köçüb gedib. Onların içərisində leqal yolla gedənlərin sayı çox azdır”.

Ekspert qeyd etdi ki, görülən işlər nəticəsində bu müddət ərzində çoxsaylı icazəsiz yaşayan şəxslər Avropadan Azərbaycana geri qaytarılıb: “Əksəriyyəyi belədə saxta siyasi miqrant adı altında gedib. Azərbaycanda elə şəxslər var ki, vaxtilə onların buradan Avropaya saxta yolla göndərilməsini təşkil ediblər. Lakin sonradan özləri də ora gedərək status almaqla həmin işi Avropada da davam etdirirlər. Bir qrupu da gördüyünüz kimi təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilib. Təbii ki, onların apardıqları içərisində bir qisim şəxslər Avropada yerləşə bilib. Bunu da onlar özlərinin qayıtmaması üçün Avropada Azərbaycana qarşı fəaliyyət aparan ölkələrin yaratdıqları mərkəzə, xüsusi xidmət orqanlarının yaratdığı tora düşməklə ediblər. Belədə bir çoxları ermənilərin Azərbaycan üzərindən apardığı  təbliğat maşınının alətinə çevrilərək, söyüş, nifrət saçan layihılərə qoşulublar. Bir hisəsi isə zaman-zaman aşkara çıxarılaraq geri qaytarılır. Bu proses readmissiya müqaviləsi çərçivəsində davamlı olacaq.

Son proseslər tək Azərbaycanı əhatə etməyib. İki gündür Niderlandda  da mühacir şəbəkəsi alverçilərini üzə çıxarıb tutmağa başlayıblar. Digər Avropa ölkələrində də bu proses gedəcək. Dərinləşdikcə yalançı saxta sənədlərlə sığınacaq alanların növbəti partiyası geri qaytarılacaq”.

S. Məmmədovun fikrincə,   Avropa ölkələrinə getmək istəyənlərin bunu leqal yolla həyata keçirməsi mümkün deyil: “Hazırda Avropa ərazisində Azərbaycan vətəndaşlarının əmək fəaliyyətini həyata keçirmələri üçün yol yoxdur, onları qəbul etmirlər. Lazım olanda isə Avropa ölkələri ancaq xüsusi ixtisaslaşmış, peşəkar şəxsləri dəvət edirlər. Leqal yolla prosesi həyata keçirmək üçün Avropa ölkələri vətəndaşı ilə nigaha girmək olar. Bu mənada da həmin məsələdə leqal yol demək olar ki, yoxdur”.

Liqa rəhbəri onu da vurğuladı ki, yaranmış vəziyyət Avropanın yürütdüyü ikili standart siyasətin artıq öz başlarında çatlamasının nəticəsidir: “Azərbaycan miqrant alverçilərinə qarşı mübarizə aparanda Avropada bəyanat və qətnamələr qəbul edərək, insan hüquqlarının pozulmasından dəm vururdular. İndi isə görünən odur ki, özləri bunun qurbanına çevrilirlər. Hamı da həmin alverlə məşğul olanların kimlərin olduğunu bilir. Amma onların birinə toxunan kimi həmin Avropa hay-küy qaldırırdı. Ona görə də belə hallara qarşı mübarizə aparmaq elə də asan məsələ deyil”.

Miqrant alverinə qarşı mübarizədə həmsöhbətimiz praktik addımların atılmasına daha çox ehtiyacın olduğu qənaətindədir:

“Belə halların azalmasına nail olmaq üçün hüquqi baxımdan daha çox praktik addımların atılmasına ehtiyac var. Ortada azı iki məsələ var, saxta sənəd düzəldilməsi və çirkli pul dövriyyəsi. Həmin şəbəkə üzvləri üzə çıxarılmalı və onlara münasibətdə cinayət işi başlanılmalıdır”.

R. SOLTANOV