AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa edib

22 Noyabr 2019 16:32 (UTC+04:00)

Noyabrın 13-15-də Türkəmənistanın paytaxtı Aşqabad şəhərində "Təhsil və idman" problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransa əvvəldən göndərilmiş məqalələr əsasında respublikamızdan dəvət olunmuş dörd nəfərdən biri də AzTU-nun professoru Əyyub Kərimovdur. O, 5 bölmədən ibarət konfransın Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində fəaliyyət göstərən birinci bölməsinin rəhbəri olub, həmçinin Rəyasət Heyətində ölkəmizi təmsil edib.
Əyyub Kərimovun "Ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin tələbələrin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində rolu” mövzusunda çıxışı və iştirakçılara nümayiş etdirdiyi Azərbaycanda multikultural mühiti əks etdirən qısa sənədli filmi çox böyük maraqla qarşılanıb. 40-a yaxın ölkədən 300 alimin iştirak etdiyi konfransın gedişi zamanı erməni nümayəndələrin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan multikulturalizmi ilə bağlı əcnəbi iştirakçılar arasında apardığı yalan, çaşdırıcı təbliğatın qarşısı alınıb. Tədbir iştirakçılarına əsl həqiqətlər real tarixi faktlar və məntiqi dəlillər əsasında izah edilib.