Bibiheybətdə sürüşmə nəticəsində yaranmış su problemi nə vaxt həll olunacaq? - “Azərsu”dan CAVAB

27 Noyabr 2019 11:35 (UTC+04:00)

Noyabrın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilişinin dayandırılması Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədardır.

Bu barədə Mövqe.az-a  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, qurumun mütəxəssisləri ərazidə qiymətləndirmələr aparıblar:

“Qərara alındı ki, xəttin qəzalı hissəsindəki siyirtməni bağlayıb qəza ərazisində suyun verilişi dayandırılsın. Amma Bibiheybət və Şıxov qəsəbələri yaşayış massivlərini süşürüşmə qeydə alınan günün axşamı su ilə təmin etdik. 20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxdığından alternativ olaraq şəhər istiqamətində (Bayraq meydanı tərəf) olan xəttin siyirtmələrini açdıq. Eyni zamanda layihəyə əsasən, Badamdar anbarından 20-ci sahəyə su verilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da həmin xətt şəbəkəyə qoşuldu. Səbail Sukanal İdarəsinin rəisinin bildirdiyinə görə, 20-ci sahənin kiçik hissəsi və “Jurnalist binaları” su almır. Bu gün həmin ərazilər də içməli su ilə təmin ediləcək. Demək olar ki, bu gün 20-ci sahənin su probleminin böyük hissəsi həllini tapıb”.

A.Cəbrayıllı əlavə edib ki, 500 mm diametrli magistral su xəttinin bərpa edilməsi və susuz qalan ərazilərin də su ilə təminatı istiqamətində işlər görülür.