Qarabağ məsələsində yeni təklif

3 Dekabr 2019 08:44 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə Bakıya gəlişi siyasi müstəvidə ən çox diqqət cəlb edən məqamlardan sayılır.

Qeyd edək ki, bundan bir qədər əvvəl Lavrov İrəvanda səfərdə olmuşdu. Özü də Lavrovun Bakı səfəri Azərbaycanla Rusiya arasında münasibətlərin strateji cəhətdən yüksək inkişaf etdiyi bir dövrə təsadüf edir.  İki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli inkişaf var. Lavrovun bu səfərini dəyərləndirən politoloq İlqar Vəlizadə güman edir ki, Lavrovun Bakıya bu səfəri Moskvada qəbul olunmuş razılıqlar və irəli sürülən planlara müəyyən normativlər vermək məqsədi daşıyır: “Qeyd edim ki, Rusiya xarici işlər nazirinin Bakıya bu səfəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya olan səfərindən sonra baş verir. Yəni cəmi bir həftə əvvəl Birinci vitse-prezident Rusiya paytaxtında olmuşdu. Çox güman ki, Lavrovun Bakıya olan bu səfəri Moskvada qəbul olunmuş razılıqlar və irəli sürülən planlara müəyyən normativlər vermək məqsədi daşıyır. Ona görə Lavrovun bu səfərini razılaşdıqları məsələlər üzrə sənəd bazasının hazırlanması ilə də  əlaqələndirmək olar. Aydın məsələdir ki, bu səfər gedişində müxtəlif digər məsələlərə də toxunulacaq”. 

Politoloq qeyd etdi ki, səfər çərçivəsində Dağlıq Qarabağ məsələsi də birmənalı olaraq müzakirə ediləcək: “İlk növbədə sözsüz ki, Dağlıq Qarabağ məsələsi, münaqişənin tənzimlənməsi prinsipləri müzakirə predmeti olacaq. Aydın məsələdir ki, Azərbaycan Rusiya münasibətlərinin inkişafına ən böyük əngəl məhz Dağlıq Qarabağ problemi, onun həll edilməməsidir. Bunu hamı, hər iki tərəf bilir. Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərin inkişafından danışanda ilk növbədə prosesə maneə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılır. Burada başlıca maneə isə elə Dağlıq Qarabağ konfliktidir. Hamı anlayır ki, yaxın zamanlarda bu məsələdə real irəliləyiş olmasa, müharibənin başlanması ehtimalı daha da artacaq.  Bu mənada düşünürəm ki, Lavrov Bakıya problemin həlli istiqamətində hansısa təkliflərlə gəlib. Bu təkliflərin nədən ibarət olacağını isə yaxın zaman göstərəcək”.  

İ. Vəlizadə düşünür ki, Lavrov Bakıda həmçinin Azərbaycanın Avrasiya İttifaqı ilə əlqələri məsələsini də qaldıracaq: “Rusiya Azərbaycandan təkid edir ki, Avrasiya İttifaqı ilə əməkdaşlığı genişləndirsin. Cari ayın sonlarında Azərbaycan Prezidenti Rusiyaya səfər edərək burada Avrasiya İttifaqının sammitində iştirak edəcək.  Ölkəmizin Avrasiya İttifaqında olmasına sırf əngəl törədən də Ermənistan, onun işğalçılıq siyasətidir. Belə ki, Azərbaycan Avrasiya İttifaqı ilə əməkdaşlıq etməyə hazır olsa da, onun baş verməsinə əngəl törədən məhdudiyyətlər var. Məhdudiyyət də məhz Avrasiya İttifaqının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən qaynaqlanır. Bu səbəbdən Azərbaycan həmin qurumla heç bir yaxın əməkdaşlıq edə bilməz.

Eyni zamanda, İrəvan da çalışır ki, Azərbaycanın Avrasiya İttifaqı ilə əməkdaşlığına maneə olsun.  Moskva da bunları başa düşür. Dağlıq Qarabağ probleminin həllində aparılan danışıqlar heç bir nəticə verməsə digər məsələlər, Avrasiya İttifaqı kimi layihələrdə ölkəmizin iştirakı belədə açıq olaraq qalacaq. Düşünürəm ki, Lavrovun səfəri fonunda bu barədə məsələlərə də toxunacaqlar”.

Həmsöhbətimiz bu qənaətdədir ki, Rusiya XİN rəhbəri Bakıda bu yaxınlarda İrəvanda səsləndirdiyi və Azərbaycanda narazılıqla qarşılanan fikirlərə də aydınlıq gətirəcək: “Onu qeyd edim ki, son dövr Rusiya tərəfindən verilən bəyanatlar Azərbaycanda birmənalı qarşılanmadı. Lavrov İrəvanda səsləndirdiyi ifadəyə Bakı səfəri çərçivəsində aydınlıq gətirsə, bu əlbəttə ki, Azərbaycan üçün vacib olardı. Bu aydınlıq son günlər yaranan həmin problemin aradan qaldırılmasına xidmət edər. Düşünürəm ki, nümayəndə heyətimiz Moskvadakı şəxsi söhbətlərdə həmin məsələyə bu və ya digər şəkildə toxunub. O mənada fikrimcə, məhz Lavrovun İrəvanda səsləndirdiyi fikirə aydınlıq gətirmək üçün Kreml onu Bakıya göndərib”.

Politoloq bildirdi ki, Lavrovun bu səfəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafına yeni təkan verə bilər: “Xarici işlər nazirləri  hansısa bir ölkəyə rəsmi səfər edəndə adətən ikitərəfli münasibətlərdə gündəmdə olan əsas məsələləri müzakirə edirlər. Yaxud da ən yüksək səviyyədə rəsmi görüşlərin təşkili barədə fikir mübadiləsi aparırlar. Ola bilsin, Lavrov bu səfər çərçivəsində gələcəkdə Azərbaycan Prezidentinin Rusiyaya səfərilə bağlı da müzakirələr aparsın. Yəni səfər çərçivəsində rəsmi səfərin hazırlanması ilə bağlı işlərin görülməsini müzakirə edə bilərlər. Bu məsələni istisna etmək olmaz.  Bunun üçün hansı sənədlərin hazırlanması istiqamətində normativ bazanın olması lazımdır. Hansı ki, bunlar hamısı xarici işlər nazirinə həvalə olunur”.

Rüfət NADİROĞLU