Aİİ-də noyabr ayının yekunları ilə bağlı iclas keçirilib

4 Dekabr 2019 11:24 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının yekunlarına həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi, müəllim heyəti və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. İnstitut rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərir.

Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edən C.Məmmədov zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas missiyalarından olduğunu nəzərə çatdırıb. Bildirib ki, potensialımızı ortaya qoyub tələbələrin bilik və bacarıqlarının artırılması, şəxsiyyət kimi formalaşması üçün bütün gücümüzlə çalışmalıyıq.

C.Məmmədov İnstitut qarşısında duran vəzifələr və gələcək hədəflər haqqında da danışıb. Aİİ-nin müəllimləri tərəfindən hazırlanan dərsliklərin nəşrinin əhəmiyyətindən bəhs edən rektor bildirib ki, ali təhsil müəssisəsinin heyəti olaraq müxtəlif layihələr üzərində davamlı işləməli, beynəlxalq əlaqələrimizin genişləndirilməsi istiqamətində çalışmalıyıq.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov ali təhsil müəssisəsində keçirilən fənlərin tələbələrə düzgün formada çatdırılması, intizamlı tədrislə yanaşı, keyfiyyətin qorunması məsələlərinə toxunub. Tədris Metodik Şuranın təşkil etdiyi açıq dərslər barədə də məlumat verib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov beynəlxalq indeksli jurnallarda məqalələrin çap olunması, müəllimlərin tədrisdən əlavə, məşğələlərdə tələbələrlə dərslər təşkil etməsi məsələlərinə toxunub.

İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov payız semestri ərzində görülən işlər, qarşıya çıxan problemlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

İnstitutun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistratura və doktoranturaya qəbulla bağlı məsələlərdən – doktoranturaya qəbul planı, proqramların hazırlanmasından bəhs edib.

Ali təhsil müəssisəsinin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva tədris prosesindəki yeniliklərdən, sessiya zamanı ortaya çıxan çatışmazlıqlardan, əldə olunan uğurlardan, rəy və şikayətlər qutusuna daxil olan təkliflərdən söz açıb.

Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitab nəşri, elmi məqalələrin çap olunması haqqında görülən işlər, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.