“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”

4 Dekabr 2019 18:49 (UTC+04:00)

Milli Məclisin mətbuat xidməti spiker Oqtay Əsədovla bağlı yayılan iddiaya münasibət bildirib. 

Mövqe.az sözügedən açıqlamanı təqdim edir:

"Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

Yazıda bildirilir ki, guya, parlament Sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu "Araş Medical Company" MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub.

Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin "Araş Medical Company" MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur".

Qeyd edək ki, iddiyaya görə, Cavid Əsədov adlı şəxsin sahibi olduğu bildirilən "Arash Medical Company" MMC 250 milyon manatlıq tender udub. Belə ki, MMC 9 il ərzində 366 tender udub ki, bu satınalmaların əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur.