İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naftalanda minlərlə ağac əkilib (FOTO)

6 Dekabr 2019 16:35 (UTC+04:00)

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da respublikamızda, o cümlədən Naftalanda şəhər rəhbərliyinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Şəhər sakinləri yaşıllıqların artmasına töhfə verəcək və ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu nəcib təşəbbüsə həvəslə qoşulublar.

Aksiya şəhərin Ş.Qurbanov, Z.Tağıyev, İ.Nəsimi küçələrində, Ş.Qurbanov küçəsi ilə Z.Tağıyev küçələrinin kəşisməsində, Şirvan prospektində və S.Vurğun parkında keçirilib.

Musiqi sədaları altında keçirilən aksiyada şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri tərəfindən minlərlə Eldar şamı, tuya və çinar ağacı əkilib. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, kurort şəhəri Naftalanın ümumi mənzərəsinə yeni çalarlar əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.