Nazirliyin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

6 Dekabr 2019 17:15 (UTC+04:00)

Prezident cənab İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri və maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib.

Həmin layihələr üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən günərzi qayğı, reabilitasiya, psixoloji yardım, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım, surdoloji, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlərə dəstək və s. istiqamətlərdə 10 minədək şəxsə xidmətlər göstərilir.

Eyni zamanda, nazirliyin sifarişi və maliyyə dəstəyi ilə QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri ölkədə yeni iş yerlərinin açılmasına, məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verib.

Belə ki, hazırda həmin layihələrin icrası işlərində hər biri ilə əmək müqaviləsi bağlanılmaqla 1586 nəfər çalışır.

Onların sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər, aileye destek terapevtləri, müxtəlif dərnəklərin rəhbərləri, nevropotoloq, fizioterapevtlər, mühasiblər, aşbazlar, xadimələr və digərləri daxildir.