Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı

7 Dekabr 2019 11:39 (UTC+04:00)

Dahi şair Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gün ərzində 650 min ağac əkək” təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı. Vətəndaşlarımız bu möhtəşəm kampaniyada böyük coşqu ilə iştirak etdilər.

Bunu Mövqe.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, bir gündə 650 min ağacın əkilməsi çox böyük göstəricidir və ölkə ərazsində yaşıllıq sahəsinin artmasına mühüm töhfə verəcək: “Eyni zamanda, bu ağaclar gələcəkdə insanlarımızın sağlamlığı üçün çox faydalı olacaq. Dünyanı iqlim dəyişikliyi və digər ciddi ekoloji problemlər narahat etdiyi bir vaxtda Azərbaycanda belə bir möhtəşəm təşəbbüsün həyata keçirilməsi beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən də yüksək qiymətləndirildi. Həmçinin, Azərbaycanda olan xarici ölkə səfirləri və beynəlxalq təşkilatların nümayəndələri böyük həvəslə bu kampaniyada iştirak etdilər. Azərbaycan bu sahədə də dünyaya gözəl bir nümunə göstərdi.

Bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Nəsimi ili" elan olunmuşdu. Bununla əlaqədar olaraq il ərzində bir çox tədbirlər həyata keçirildi. Eyni zamanda, "Nəsmi ili"nin elan olunması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva böyük təşəbbüs irəli sürərək bir gündə 650 min ağacın əkilməsinə nail oldu. Bu təşəbbüsə Azərbaycan xalqı, ayrı-ayrı ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri qoşuldu”.

C.Osmanov vurğulayıb ki, təkcə bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir: “Əhalinin bu təşəbbüsə qoşulması bir daha göstərdi ki, ölkədə aparılan siyasətə xalq hər zaman dəstək verir. Ümumilikdə, ölkəmizin bütün şəhər və rayonları bu təşəbbüsə qoşularaq yüksək əhval-ruhiyyə ilə ağac əkilməsində iştirak etdi. Bu qədər ağacın əkilməsi sağlam ekoloji mühitin formalaşdırılması deməkdir. Biz də Yeni Azərbaycan Partiyası olaraq kampaniyaya ruh yüksəkliyi ilə qoşulduq”.

Qeyd edək ki, dekabrın 6-da dahi şair Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gün ərzində 650 min ağac əkək” təşəbbüsü çərçivəsində resbublikanın bütün regionlarında 650 mindən çox ağac əkilib.