Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı yeni müstəviyə keçir

11 Dekabr 2019 09:42 (UTC+04:00)

Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin indiki inkişaf səviyyəsi gələcəkdə əməkdaşlığın başqa müstəvilərdə də davam etdirilməsinə imkan yaradır. Hazırda Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Rusiya İqtisadiyyat nazirinin müavini Azər Talıbov "Penoplekst SPB" izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edir, ilin sonuna qədər göstəricinin 3 milyard dollara çatmasını gözləyirik.

Nazir müavini vurğulayıb ki, Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf edir: "İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün geniş potensial mövcuddur. Belə ki, Azərbaycan və Rusiya arasında yaradılmış birgə müəssisələr müsbət nəticələr göstərir və bizim imkanlarımız artır ki, üçüncü ölkələrin bazarlarına çıxaq".

Neft və qaz sektoru üzrə ticarət göstəriciləri nəzərə alınmasa Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə istehsal edilən qeyri-neft mallarının ən böyük alıcısı Rusiyadır. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür.

Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsinə xüsusi önəm verir. İki ölkə arasında imzalanan Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir. “Yol xəritələri”ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Rusiya Azərbaycanda müxtəlif sahələrə aid olan müəssisələr yaradır. Həmin müəssisələrin bəziləri istifadəyə verilib, qarşıdakı dövrlərdə daha bir neçə müəssisə istifadəyə veriləcək. Bu müəssisələrdə istehsal ediləcək məhsullar Azərbaycanın daxili bazarına çıxarılmaqla yanaşı xarici bazarlara ixrac da olunacaq.

İqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, Rusiyanın Azərbaycana təklif etdiyi kimi üçüncü ölkələrin bazarında birgə çıxmaq sadəcə ticarət sahələrini əhatə etmir. Onun fikrincə burada vurğulanan məsələ həm də digər xidmət və istehsal müəssisələrinin yaradılmasıdır.

Ekspertin şərhinə əsasən. üçüncü ölkələrdə birgə biznes fəaliyyətinə qoşulmaq hər iki ölkə sərmayədarları üçün faydalı olur. Onun sözlərinə görə bütün biznes layihələrini təkbaşına almaq, layiləndirmək, icra etmək, bura investisiya cəlb etmək bəzən mümkün olmur. O buna görə də böyük sərmayədarların əksər hallarda müxtəlif layihələri müştərək, birgə həyata keçirməkdə maraqlı olduğunu dedi: “Elə ölkə var ki, onun sərmayəsi var, amma həmin sahə üzrə iş təcrübəsi azdır. Yaxud, hansısa ölkədədə biznes layihəsi həyata keçirmək istəyir, amma bazarın xüsusiyyətlərini bilmir. Bundan başqa investisiyası var, amma yetərli deyil və sair. Bu halda hər bir ölkə və ya şirkət etibarlı, təcrübəli, imkanlı partnyor axtarır. Azərbaycan və Rusiya birgə xarici ölkələrdə müxtəlif investisiya layihələri həyata keçirə bilər. Bu layihə istehsal müəssisəsi, xidmət müəssisəsi və ya nəqliyyat-logistika sahəsi ola bilər. Azərbaycanın həyata keçirdiyi mühüm regional layihələr, maliyyə imkanlarının yaxşılaşması, müxtəlif sahələr üzrə biznes təcrübəsinin yüksəlməsi Rusiyanın diqqətindən yayınmır. Rusiya görür ki, Azərbaycan təcrübəli partnyordur və ölkəmizin imkanlarından faydalanmaq Rusiyaya dividentlər gətirəcək”.

F.İbrahimov qeyd etdi ki, istənilən biznes layihəsinə başlamaq olar. Amma onun uğurla həyata keçirilməsi, tamamlanması kompleks imkanların olmasını tələb edir. Bu baxımdan o Azərbaycanın Rusiya üçün ən əlverişli partnyor olduğunu düşünür.

Ekspertin qənaətincə, Rusiya İran və Türkiyədə Azərbaycanla birgə layihələr həyata keçirmək istəyir: “Bu iki ölkənin ərazisində əvvəllər də Rusiya müxtəlif layihələr həyata keçirmək istəyib. Bəziləri reallaşıb, bəzilərini həyata keçirmək mümkün olmayıb. Azərbaycan Türkiyədə artıq bir neçə layihənin icrasını uğurla tamamlayıb, başqa layihələri də icra etməkdədir. Rusiya Azərbaycanın təcrübəsini, imkanlarını nəzərə alaraq həmin ölkələrdə birgə işləməkdə maraqlıdır.

İki ölkə üçüncü ölkədə neft-qaz kəmərlərinin inşaasında, həmin kəmərlərin işlənməsi ilə bağlı yardımçı sahələrin yaradılmasında, digər nəqliyyat sahələrində, enerji daşıyıcıları üzrə xidmətlərin göstərilməsində, onların pərakəndə satışında və s. sahələrdə birgə işləyə bilər”.

 

Vasif CƏFƏROV