Əmək bazarında yeni vəziyyət yaranır

11 Dekabr 2019 10:04 (UTC+04:00)

Azərbaycan əhalisinin sayının davamlı artması, elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq əmək bazarında yeni tələblərin ortaya çıxması işaxtaranların müasir şəraitə uyğunlaşdırılmasını zəruri edir. Ölkəmizdə elə peşələr var ki, artıq onlara tələb yoxdur, amma həmin sahələr üzrə kadrlar hazırlanır. Bu kadrlar gələcəkdə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkəcək, onların yenidən əmək bazarının tələbinə uyğunlaşdırılması zərurəti yaranacaq. Eyni zamanda bəzi ixtisaslar var ki, həmin sahələr üzrə ixtisaslı kadr çatışmazlığı mövcuddur. Amma buna baxmayaraq həmin sahələr üzrə kadrların hazırlanması işi təşkil edilməyib.

İnkişaf etməkdə olan ölkə kimi Azərbaycanın qarşısında duran əsas tələblərdən biri məhz əmək bazarının tələblərinə uyğunlaşmaqdır. Əmək bazarının tələbinə uyğunlaşma əhalinin, xüsusilə də gənc nəslin məşğulluq məsələlərinin həllində böyük əhəmiyyət kəsb edir.

Bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panelinin müzakirəsində toxunub. Nazir qeyd edib ki, texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması nəticəsində bir çox peşələr sıradan çıxıb, gələcək dövrlərdə də başqa peşələr sıradan çıxacaq. S.Babayev söyləyib ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır: "Yeni sahələr də insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha çox ehtiyac duyulacaq. Yaradıcı sahələr də burada öncül yerdədir. Yaradıcı sahələrin daha bir özəlliyi isə burada xüsusi resurslara çox məhdud ehtiyacın olması, sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyacın olmasıdır. Digər tərəfdən, yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir. Ona görə də burada imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir".

S.Babayev əlavə edib ki, ölkədə işsizlik 4,4 %-dir. Təkcə bu il Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 81 min şəxs münasib işlə təmin olunub, 9009 nəfər özünüməşğulluq proqramlarına cəlb edilib: "Lakin qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük seqmenti də məhz yaradıcı sənayedir. Ona görə də hesab edirəm ki, bu sahədə təhsil müəssisələrimiz, peşə tədrisi mərkəzləri və aidiyyəti dövlət qurumları əlaqələndirilmiş işlə gələcək planlarını ciddi şəkildə qurmalıdırlar".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, iqtisadçı-ekspert Sahib Məmmədov nazir S.Babayevin fikirləri ilə razı olduğunu bildirir. Onun bildirdiyinə əsasən, əmək bazarının tələblərinə uyğunlaşmaq, mövcud olan sahələr üzrə kadrların hazırlanması önəmlidir. Ekspert deyir ki, bu məsələdə ən önəmli mərhələ təhsildir. O hesab edir ki, ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın tələbinə uyğun həyata keçirilməlidir: “Yalnız iş yerlərinin açılması ilə məsələ bitmir. Burada birinci amil təhsil önə çıxır. Bazarın tələbinə uyğun ixtisaslı kadrların hazırlanmasına nail olunmalıdır. Peşə təhsili gücləndirilməlidir.

Bu məqsədlə ilk növbədə əmək bazarının dəqiq araşdırılmasına ehtiyac var. Bazarda hansı ixtisaslara tələbin olduğunu bilməliyik, bazarın faktiki vəziyyəti öyrənilməlidir. Bəzən bazar tədqiq ediləndə rəsmi qeydiyyatda olan işçilər əsasında tədqiqat aparılır. Amma Azərbaycanda qeyri-formal məşğulluq ümumi məşğulluğun təxminən yarısına bərabərdir. Qeyri-formal məşğulluğun hansı sahələr üzrə olduğu, burada hansı kadırlara tələbin olduğu, tendensiya öyrənilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əmək bazarının öyrənilməsi üçün bir agentlik yaradılır. Onlar əmək bazarını tədqiq edib, bazarda olan tendensiyanı öyrənib hansı sahələr üzrə yeni imkanların olduğunu üzrə çıxardacaq. Hələlik bu qurum formalaşma mərhələsindədir.

Azərbaycanın əmək bazarına hər il daxil olanlar olduğu kimi bazarı tərk edənlər də var. Onların balansını çıxartmaq lazımdır ki, bununla hər il əmək ehtiyatlarının sayının nə qədər artdığını bilək. Nazirin fikri ilə razıyam ki, Azərbaycanda təbii artım yüksəkdir və bu artıma uyğun olaraq da yeni iş yerləri yaradılmalıdır. Ona görə ki, əmək bazarına yeni insanların daxil olması davam edir. Bunun üçün məşğulluq strategiyası qəbul edilib. Məşğul strategiyası təkmil sənəd deyil və o, təkmilləşdirilməlidir”.

S.Məmmədovun fikrincə, sürətlə inkişaf edən texnologiyaya uyğunlaşmaq vacibdir. Amma o bununla bərabər əmək tutumlu müəssisələrin yaradılmasının da vacib olduğunu düşünür: “Texnologiya sürətlə inkişaf edir və bəzi peşələr sürətlə ölüb gedir. Buna görə də ali və orta ixtisas təhsili müəssisələrində verilən ənənəvi ixtisasların bəzilərinə əmək bazarında ehtiyac yoxdur. Əmək bazarını öyrənib bu təhsil müəssisələrinə yaxın 10 ildə hansı ixtisasların lazım olduğu haqqında məlumat və təklif verilməlidir. Ali təhsil və orta ixtisas müəssisələri də buna uyğunlaşmalıdır.

Əmək tutumlu iş yerləri də açılmalıdır. Məsələn, tekstil sənayesinə aid olan müəssisələrin sayı artırılmalıdır. İstehsal etdiyimiz pambığı xammal şəklində xaricə satırıq. Əyrici fabriklərimiz olsa onları son məhsula çevirə bilərik. Ona görə də regionlarda keyfiyyətli məhsul buraxan tesktil müəssisələri yaradılmalıdır ki, iş yerlərinin də sayında artım dəstəklənsin”.

 

Vasif CƏFƏROV