Əli Kərimlinin boykot oyunu tam pozuldu

12 Dekabr 2019 08:14 (UTC+04:00)

Ənənəvi müxalifət çox çək-çevirdən sonra gələn ilin fevralında keçiriləcək parlament seçkilərində iştirak etməyi qərara alıb. Əvvəl tərəddüd edənlər sonradan sanki qısa məsafəyə qaçış yoluna çıxıblar. Müxaliflər bu yolda elə sürət yığıblar ki, indi saylarını da sayıb çatdırmaq olmur. Nə isə... Nə fikirləşirlər, nə planlar qururlarsa, özlərinə, amma proses müxalif cəbhədə bəzi təlatümlər də yaradıb. Belə ki, müxalifət partiyaları arasında sanki danışılmamış razılaşma olub. Hamı seçkilərə gedir, AXCP isə boykot deyir. Yəni, əslində bu partiya bir nəfərin iradəsindən asılıdır, Əli Kərimlidən ki, boykot da onun taktikasıdır. Bu taktika isə təbii şəraitdən yox, zorən situasiyadan irəli gəlib. Belə ki, partiya sədrinin gözünə özündən başqa heç kim görünmədiyindən elə bilir ki, Azərbaycanda yeganə düz müxalifət odur, qalanları əyridir. Ağıldan isə danışmağına dəyməz, bu işdə bu adam bəlkə də kainatın ən ağıllısı olmağa iddialıdır. Bəs, reallıqda necədir?

Bugünkü faktlar göstərir ki, AXCP və onun “ağıllı” sədri digər müxalif qüvvələrin də canını boğazına yığıb. Elə buna görədir ki, indi meydanda tək qalıb. Çünki, seçki prosesi çox mühüm siysai tədbirdir və cəmiyyətdəki qüvvələr nisbətini aydın əks etdirən güzgüdür. Seçkidə qalib gəlməklə partiyalar özlərini sübut etmiş olur, uduzan isə əskik tərəflərini öyrənir ki, növbəti seçkilərə qədər həmin nöqsanları düzəltsin. Yəni, seçki kimi tədbirlər siyasi işin cövhəridir və siyasi təşkilatların işi və vəzifəsi məhz belə tədbirlərdə iştirak etməkdir. Əks halda xalq heç kimin qaşına-gözünə aşiq olmayıb ki, yox yerdən əlindən tutub gətirib deputat mandatı versin və ya vəzifə kreslosunda oturtsun. Bu dəfə də partiyaların seçkidə iştirak etmək qərarı bu mahiyyətdən kənara çıxmır.

Prosesin siyasi təşkilatlar üçün bir önəmi də odur ki, parlament seçkisində iştirak edən partiyalarda özünəinam var ki, seçkiyə qatılırlar. Bu, çox mühüm aspektdir. Siyasi fəaliyyətdə inamsızlıq artıq bəri başdan məğlubiyyət deməkdir. Belə görünür ki, AXCP-nin özünə inamı sıfırlanıb ki, seçkiyə qatılmağa cürət etmir. Kənardaqalma ehtimalı 100 fais həndəvərindədir. Əli Kərimli də yaxşı başa düşür ki, çığır-bağırla deyil, artıq konkret işlə meydana çıxmaq gərəkdir.  Bu da yoxdur. Buna görə boykot taktikasından möhkəm yapışıb. Və tək qalıb. Şərait məcbur edir fikirləşəsən ki, partiyalar çalpaşıq Əli Kərimli düsturundan uzaqlaşmağı qənimət sayıblar. O, boykot deyə-deyə qalınca, əlüstü seçkidə iştirak qərarı veriblər ki, ondan uzaq olsunlar. Cəbhəçilər üçün nə qədər kədərli olsa da indinin həqiqəti AXCP-nin təklənməsidir. Hamısı da partiya sədrinin üzü kimi əməllərinin də turşuluğunun nəticəsidir. Sirkənin turşuluğu öz qabına təsir etdiyi kimi Əli Kərimlinin yersiz höcətçiliyi də öz partiyasını urvatsız edib.

Təcrübə göstərir ki, bu cür vəziyyət çətin ki, AXCP-də vəziyyətin düzəlməsinə müsbət təsir edə bilsin. Çünki, bu partiya və onun rəhbərliyi mövcudluğu dövründə dəfələrlə səbatsızlığını işdə göstərib, qınanıb, tənqid olunub. Amma bu tənqidlərdən nəticə çıxarmağı bacarmayıb. Siyasət isə yerində saymağı yox, daim irəliləmək üçün dəyişikliyi ehtiva edir. Bunu bacarmayanlar isə meydanda həmişə tək qalır. AXCP-nin indiki halında olduğu kimi.

N.NOVRUZ