“CAHAN qrupu” adından istifadə qadağan edildi

19 Dekabr 2019 14:49 (UTC+04:00)

“CAHAN qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və qrupun rəhbəri Vüsal Zeynalovun iddiası əsasında həmin qrupun keçmiş əməkdaşları Dadaş Tarverdiyev, Cahid Əlibəyov və Arzuxan Gözəlova “CAHAN qrupu” adından istifadə etmək qadağan edilmişdir.

Belə ki, bir müddət öncə Vüsal Zeynalov Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 10.03.2016-cı il tarixdə cavabdehlər Tarverdiyev Dadaş Ələkbər oğlu, Əlibəyov Cahid Şahin oğlu və Gözəlov Arzuxan Alim oğlu ilə “CAHAN qrupu” MMC arasında əmək müqaviləsi bağlanmış, adı çəkilən şəxslər qrupda ifaçı kimi rəsmi fəaliyyətə başlamışdır.

Cavabdehlərin ifaçı kimi tanınması, onların televiziya proqramlarında iştiraklarının təmin edilməsi, geyimlərinin alınması, ifa edilməsi üçün musiqilərin bəstələnməsi, klip çəkilişləri ilə bağlı bütün xərcləri “Cahan qrupu” MMC öz hesabına qarşılamışdır.

Adıçəkilən ifaçılar Cəmiyyətin maliyyə vəsaiti hesabına “CAHAN qrupu” kimi tanınaraq, vaxtaşırı toylara və televiziya proqramlarına dəvət aldığı bir vaxta rəhbərliklə işçilər arasında narazılıq yaranmışdır. Bundan sonra hər üç ifaçı 17.01.2019-cu il tarixdə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “CAHAN qrupu” MMC –yə müraciət etmişdir. Onların ərizəsi nəzərə alaraq, 21.01.2019-cu il tarixdə işçilərlə müqaviləyə xitam verilmişdir.

Lakin cavabdehlər qrupdan rəsmi şəkildə ayrıldıqlarını geniş ictimaiyyətdən gizlədərək, TV proqramlarda, toylarda “Cahan qrupu” adı ilə iştirak etmiş, qrupun maliyyə vəsaiti hesabına çəkilmiş klipin təqdimatını keçirmiş, hətta konsert proqramı ilə çıxış etmişdir.

Buna görə də iddiaçı cavabdehlərə “CAHAN qrupu”nun adından istifadənin, həmin dövrdə yazılmış mahnıların ifa edilməsinin qadağan olunması və dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş etmişdir.

Lakin Yasamal Rayon Məhkəməsi iddianı təmin etməmişdir.

Bundan sonra iddiaçının vəkili Yeganə Məmmədova tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər Dadaş Tarverdiyev, Cahid Əlibəyov və Arzuxan Gözəlova “CAHAN qrupu” adından istifadə etmək qadağan edilmişdir.

Bununla əlaqədar olaraq, Dadaş Tarverdiyev, Cahid Əlibəyov və Arzuxan Gözəlovun bundan sonra “CAHAN qrupu” kimi təqdim edilməməsi üçün məhkəmə qətnaməsi bütün TV-lərə və internet portallarına rəsmi şəkildə göndəriləcəkdir.