Azərbaycanın çörəyinə nankor çıxan hüquq müdafiəçiləri
3 Aprel 2012 19:37 (UTC+04:00)
Fəzail Ağamalı: "Bəzi hüquq müdafiə təşkilatlarının fəaliyyəti
rəsmən qadağan olunmalıdır və dövlətimizlə bağlı qərəzli məlumatlar
hazırlayanların barəsində ölçü götürülməlidir"
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında qərəzli
məlumatların yer almasının əsas səbəbi bəzən təkcə həmin qurumların
ölkəmizə qarşı düşmən mövqedə olmasından xəbər vermir.
Sadəcə olaraq müəyyən hallarda beynəlxalq təşkilatlara Azərbaycanla
bağlı məlumatlar göndərən yerli təşkilatlar qrant almaq,
mövcudiyyətlərini sübut etmək və müxtəlif qüvvələrin sifarişlərini
yerinə yetirmək üçün qərəzli hesabatlar hazırlayırlar. Və həmin
qərəzli hesabatlar beynəlxalq təşkilatların Azərbaycanla bağlı
təəssüratlarını mənfiyə doğru dəyişir.
Bunu artıq Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri də etiraf
edirlər. AŞ PA -dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun
sözlərinə görə, Avropa Şurasına Azərbaycanla bağlı daim qərəzli
müraciətlər göndərilir. Onun sözlərinə görə, əgər Avropa Şurası
həmin müraciətləri qərəzli şəkildə Azərbaycana qarşı istifadə
edirsə, demək, onu göndərən şəxslərin özləri qərəzlidir: "Əgər hər
hansı təşkilat qərəzli məsələləri Azərbaycana qarşı istifadə
edəcəksə, bu, həmin təşkilatın reytinqinə də təsir göstərəcək.
Ümumiyyətlə, bu məsələni şərh etmək düzgün deyil. Avropa Şurası
ciddi təşkilatdır və Azərbaycanın bu qurumla normal münasibətləri
mövcuddur".
Bəs Azərbaycanla bağlı qərəzli məlumatların beynəlxalq təşkilatlara
göndərilməsinin qarşısını necə almaq olar? Bu mövzuda
söhbətləşdiyimiz Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail
Ağamalının sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hüquq
müdafiə təşkilatlarının əksəriyyətinin maraqları ilə Ermənistan
hakimiyyətinin maraqları üst-üstə düşür: "Ermənistan hakimiyyəti də
istəyir ki, beynəlxalq təşkilatlar Azərbaycaqla bağlı daim tənqidi
hesabatlar hazırlasın, ölkədə insan haqlarının pozulduğunu bəyan
etsinlər. Bizim bəzi hüquq müdafiəçilərimiz də bu siyasətə xidmət
göstərirlər. Mən dəfələrlə bəyan etmişəm ki, bəzi hüquq müdafiə
təşkilatlarıın fəaliyyəti rəsmən qadağan olunmalıdır və
dövlətimizlə bağlı qərəzli məlumatlar hazırlayanların barəsində
ölçü götürülməlidir".
F.Ağamalının sözlərinə görə, bəzi hüquq müdafiəçiləri hakimiyyətlə
şəxsi münasibətlərindəki problemi dövlətə qarşı münasibətlərinə
gətirirlər: "Təəssüflər olsun ki, bunların bəzilərində dövlətçilik
anlayışı, maraqları yoxdur. Hər şeyə müxalifətdədilər. Bütün
məsələlərə radikal müxalifət partiyalarının baxış bucaqlarından
yanaşırlar. Bunlara dur deməyin vaxtıdır".
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Azərbaycanda fəaliyyət
göstərən hüquq müdafiə təşkilatlarının qərəzli hesabatlar
hazırlayıb beynəlxalq təşkilatlara göndərmələrinin qarşısını almaq
üçün dövlət özü alternativ hüquq müdafiə təşkilatları yaratmalıdır:
"Nə üçün beynəlxalq təşkilatlar yalnız bəlli hüquq müdafiəçiləri
ilə əlaqə saxlayırlar. Azərbaycana gələndə yalnız onlarla
görüşürlər. Sanki onlardan başqa hüquq müdafiəçisi, qeyri-hökumət
təşkilatı yoxdur. Dövlət milyonlarla manat pul ayırır, QHT-ləri
maliyyələşdirir. Hanı nəticə? Bu barədə ciddi düşünülməlidir".
C.Nuriyevin sözlərinə görə, beynəlxalq təşkilatları alternativ
hesabatlar göndərilməlidir: "Məsələn, Avropa Şurasına Dəstək
Fondundan qrant alan qeyri-hökumət təşkilatlarına da ölkədəki
vəziyyətlə bağlı hesabat hazırlayıb göndərə bilərlər. Belə
hesabatlar olur. Amma onlar o qədər qeyri-peşəkar hazırlanılır ki,
qəbul edilmir. Hər şeyi ağ rəngdə göstərmək də düzgün deyil. Real
vəziyyət necədirsə, onu da açıb göstərmək lazımdır".
Ekspert beynəlxalq təşkilatları da qınadı: "Beynəlxalq təşkilatlar
ədalətli fəaliyyət göstərirsə yalnız bir mənbədən məlumat
almamalıdılar. Məlumatlar hər tərəfli yoxlanılmalı və sonra
hesabata salınmalıdır. Əks-təqdirdə Səməd müəllimin dediyi kimi
onların reytinqi aşağı düşəcək, nüfuzları azalacaq".
R.Qaçayoğlu