LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

21 Dekabr 2019 09:31 (UTC+04:00)

Sahibkarlıq mühitinin liberallaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcminin yüksəldilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Hazırda dünyanın bir sıra nüfuzlu maliyyə-iqtisadi qurumları Azərbaycanda əlverişli investisiya mühitinin formalaşmasını, elektron xidmətlər sahəsində uğurlu nəticələrin əldə olunmasını, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasir tələblər səviyyəsində qurulmasını birmənalı təqdir edirlər.

Hazırda qarşıda duran mühüm vəzifələrdən biri də yerli idarəetmə orqanlarının fəaliyyətində "e-xidmət"lərin geniş tətbiqidir. Ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların vəzifə və səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi, habelə onların fəaliyyətində informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, bələdiyyə vergilərinin toplanması işinin yeni dövrün tələblərinə uyğun qurulması son dərəcə vacibdir. Bu sahədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə yanaşı, Vergilər Nazirliyi də qanunvericiliklə üzərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirir. Nazirlik yerli vergi və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə dəqiq riayət edilməsi sahəsində bələdiyyələrə zəruri metodiki dəstəyi göstərir.

Vergilər Nazirliyinin hələ 2013-cü il 27 dekabr tarixli əmri ilə «Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait» və «Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, Ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait» təsdiq edilib. Bu sənədlər bələdiyyələrin vergitutma sahəsində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına və onların maarifləndirilməsinə xidmət edir. Ötən illərdə vergi əməkdaşlarının bələdiyyə üzvləri üçün keçirdikləri treninqlərdə bələdiyyə vergisi ödəyicilərinin uçotunun aparılması; fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması və ödənilməsi qaydaları və digər məsələlər barədə geniş izahat verilib.

Ümumiyyətlə, son illər Azərbaycanda dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilmiş, habelə elektron hökumət quruculuğu və "e-xidmətlər" sahəsində uğurlu nəticələr əldə edilib. Belə bir şəraitdə bələdiyyələrin fəaliyyətinin müasirləşdirilməsi, xüsusilə də vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsinə obyektiv zərurət yaranıb. Vergilər Nazirliyi bu zərurətdən çıxış edərək ən çox elektron xidmətlər göstərən dövlət orqanı kimi Bələdiyyə Vergi İnformasiya Sistemi layihəsinin reallaşdırılmasını təmin edib.

Belə bir layihənin reallaşdırılması həm də «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tələblərindən irəli gəlib. Konsepsiya ilə Vergilər Nazirliyinin qarşısında duran strateji hədəflərdən biri də məhz bələdiyyələrə müvafiq metodiki köməyin göstərilməsi, bu sahədə elektronlaşmanın həyata keçirilməsidir. Yeni pilot layihə maarifləndirmə məqsədilə treninqlər keçirilib, ölkə bələdiyyələrinin bir qisminin Bələdiyyə Vergi İnformasiya Sisteminə inteqrasiyası təmin edilib, onların işi müasirləşdirilib.

Layihə əsasında bələdiyyələrə AVİS sistemində onlayn kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı imkanları yaradılıb. Bu sistemlə bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər öz əmlaklarını qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi ala bilirlər.

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi daxildir. Yerli ödənişlərin tərkibinə həmçinin, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər; bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödənişlər; bələdiyyələrin ayırdığı torpaq sahələrində stasionar, səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər; mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər; hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları üçün ödənişlər daxildir. Bələdiyyələr yerli rəy sorğusunun nəticəsinə əsasən, yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilərlər.

Təəssüflə vurğulamaq lazımdır ki, bir sıra bələdiyyələr ötən illərdə vergitutma sahəsində üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilmirlər. Bu da onlara səlahiyyətləri çərçivəsində normal fəaliyyət göstərməyə imkan vermir. Şübhəsiz, dövlət uzun müddət bələdiyyələrə dotasiya verə bilməz. Bələdiyyələr əlavə gəlir mənbələri formalaşdırmalı, eyni zamanda, vergiləri vaxtında və qanunvericiliyə uyğun şəkildə toplamağa çalışmalıdırlar. Bu sahədə hələ də müəyyən problemlər mövcuddur. Vergi və rüsumları vaxtında toplamaq üçün, ilk növbədə, yerli xarakterli problemlərin həlli yolu ilə cəmiyyətdə bələdiyyələrə inamı və etimadı gücləndirmək lazımdır.

2004-cü ildən tətbiq edilən “Bələdiyyələrə inzibati nəzarət haqqında» qanunun icrası Ədliyyə Nazrliyinə həvalə edilib. Qanuna əsasən, bələdiyyələr qəbul etdiyi qərarları 15 gün müddətində Bələdiyyələrlə İş Mərkəzinə təqdim etməlidirlər. Bu tələbi yerinə yetirməyən bələdiyyələr barəsində zəruri intizam tədbirləri görülür. Qəbul olunan qərarlardakı qanunsuzluqların aradan qaldırılması da diqqət mərkəzindədir. Araşdırmalar nəticəsində ciddi qanunsuzluqlar aşkar olunduqda materiallar Baş Prokurorluğa göndərilir.

Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1 yanvarından qüvvədə olan Vergi Məcəlləsinə əlavə və edilmiş dəyişikliklər əmlak vergilərinin düzgün hesablanması və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Müvafiq dəyişikliklərə əsasən, respublikada əmlak vergisinin yığılmasına nəzarətin gücləndirilməsi məqsədilə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat əməliyyatları və daşınmaz əmlakın mülkiyyətçiləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən hər ayın 20-dək elektron formada Vergilər Nazirliyinə təqdim edilir.

Vergi Məcəlləsində əksini tapmış digər bir mühüm yenilik isə dəyişiklik daşınmaz əmlakın aylıq icarə haqqı məbləğlərinə bazar qiymətlərinin tətbiqi ilə bağlıdır. 2013-cü il yanvarın 1-dən etibarən daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilir. Bu zaman Vergi Məcəlləsinə müvafiq olaraq rəsmi

mənbələrdən əldə edilmiş məlumatlar, dövlət və yerli icra hakimiyyətlərinin məlumat bazaları, vergi ödəyicilərinin bəyan etdikləri məlumatlar, eləcə də vergi qanunvericiliyi ilə istifadəsinə icazə verilən məlumat mənbələri bazar qiymətlərinin müəyyən edilməsi üçün əsas götürülür.

Son vaxtlara qədər əsas problemlərdən biri də əmlak vergisinin hesablanmasının hamı tərəfindən qəbul olunan dəqiq hüquqi mexanizminin mövcud olmaması idi. Sirr deyil ki, bələdiyyələr sənədsiz evlərdə yaşayan vətəndaşlardan əmlak vergisini toplaya bilmirdilər. Bundan başqa, fərdi evlərin qiymətləndirilməsi bəzən vətəndaşları qate etmədiyindən, onlar hesablanmış əmlak vergisini ödəmək istəmirdilər. Bəzi hallarda isə bahalı evlərin çox ucuz qiymətləndirilməsi hallarına rast gəlinirdi. Bütün bunlar əmlak vergisinin vətəndaşları qane edən tamamilə yeni kriteriyalar əsasında müəyyənləşdirmələri üçün qanunvericikdə müvafiq dəyişikliklərə ehtiyac yaratmışdı.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən fiziki şəxslərin əmlak vergisi 30 kvadratmetrdən çox sahənin hər kvadratmetrinə görə hesablanır (30 kvadratmetr çıxılmaqla qalan hissədən vergi tutulur). Həmin dəyişikliyə əsasən, Bakı şəhəri üzrə fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 0,4 manat (40 qəpik) vergi bələdiyyə büdcəsinə ödənməlidir.

Bu dəyişikliklər vətəndaşların əmlak vergisi ilə bağlı narazılıqlarının aradan qaldırılmasına, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, onların əmlak, torpaq və digər vergiləri daha səmərəli şəkildə toplamalarına yardımçı olmaq məqsədi daşıyır. Digər mühüm yeniliklərdən biri biri də əmlak vergisinin nağd formada yığılmasının məhdudlaşdırılmasıdır. Bu, həm nağdsız ödənişlərin inkişafına səbəb olur, həm də bələdiyyə vergilərinin toplanılması sahəsində şəffaflığı, hesabatlılığı gücləndirir. Vətəndaşlar bələdiyyələrdən müvafiq bildirişləri aldıqdan sonra əmlak vergisini onların bank hesablarına ödəməlidirlər.

Samir Mustafayev