Azərbaycan prezidenti ölkənin şimal-qərb bölgəsində zəlzələnin törətdiyi fəsadlarla tanış olub
9 May 2012 20:35 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev ölkənin
şimal-qərb bölgəsinə səfəri çərçivəsində zəlzələdən zərər çəkən
kəndlərdə olub. APA-nın
Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Qax
rayonunun Güllük və Zaqatalanın Gözbarax kəndlərində zəlzələ
nəticəsində evləri dağılmış sakinlərlə görüşüb, təbii fəlakətin
törətmiş olduğu fəsadlarla tanış olub. Prezident fəsadların aradan
qaldırılması üçün lazımi tapşırıq və göstərişlərini verib.
Daha sonra prezident İlham Əliyev Zaqatala rayonunda baş vermiş
zəlzələdən sonra yaradılmış Fövqəladə Hallar Nazirliyinin Operativ
Qərargahına gəlib. Ölkə başçısının qərargahda müşavirə keçirəcəyi
gözlənilir.
Qeyd edək ki, mayın 7-də səhər saat 09.40 radələrində Zaqatalada 7
bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra yeraltı təkanlar
müxtəlif vaxtlarda təkrarlanıb.
Son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 274 tikili
uçub, 2052 tikili qəzalı vəziyyətə düşüb, 100 sosial obyektdə
çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun
zəlzələdən ziyan çəkən kəndlərində 500-dən çox çadır qurulub, həmin
çadırlarda 1050 ailə yerləşdirilib. 1276 ailə isə yaxınlarının və
qohumlarının evlərində yerləşib. Hazırda zəlzələ bölgəsində
Fövqəladə Hallar Nazirliyinin qərargahı fəaliyyət göstərir.
Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə zəlzələnin törətdiyi
fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar
Nazirliyinə 20 milyon manat vəsait ayrılıb.