İdman yarışları Azərbaycana üz tutan turistlərin sayını artırır

27 Dekabr 2019 08:49 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında ölkəmizdə keçirilən idman yarışlarının turist axınında böyük rol oynadığını diqqətə çatdırıb:  “Formula 1yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə”.

Qeyd edək ki, gələn il də Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Bunlardan ən möhtəşəmi futbol üzrə Avropa Çempionatının 4 yarışının Bakıda keçirilməsidir. Eyni zamanda, Formula 1 yarışının bir mərhələsi ənənəvi olaarq Bakıda olacaq.

Azərbaycanda keçirilən idman yarışları ölkəmizə turist axınına nə vəd edir? Turistlərin sayının artması iqtisadiyyat və xidmət sektoruna nə vəd edir?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkəmizə turist axınında idman yarışlarının da mühüm rolu vardır: “Bilirsiniz ki, Azərbaycan idman ölkəsidir. Ölkəmizdə hər il müxtəlif səviyyəli beynəlxalq idman yarışları baş tutur. Gələn il də Azərbaycan bir sıra idman yarışlarına ev sahibliyi edəcək. Bu mənada ölkəmizdə keçirilən idman yarışları Azərbaycanda turismin inkişafına da təkan verir. Məhz idman yarışları sayəsində müxtəlif ölkələrdən Azərbaycana gələn turistlər ölkəmizi, onun mədəniyyəti, tarixi, mətbəxi, təbiətilə yaxından tanış olurlar. Təbii ki, bu mənada idman yarışlarının sayı artdıqca Azərbaycana gələn turistlərin sayı da artacaq.

Turizm qurumları beynəlxalq idman yarışları ilə əlaqədar Azərbaycana nə qədər turistin gələcəyinin gözlənildiyini proqnozlaşdırmalıdır.  İkinci bir tərəfdən, gələn turistlərə əlavə, müxtəlif çeşidli hansı xidmətləri təqdim etmək barədə də düşünməliyik ki, onların yadında qalsın və gələcəkdə tək idman yarışlarına görə deyil, elə-belə istirahət üçün də ölkəmizə təşrif buyursunlar. İdman yarışlarını regionlarımızda da keçirməliyik ki, gələn turistlər bölgələrimizlə də yaxından tanış olsun. Çünki regionlarımızda turistlərin cəlb edilməsi, turizmin inkişafı baxımından gözəl infrastruktur var. İdman yarışlarının daha çox turistləri cəlb etməsi fonunda yeni otellərin inşaası barədə də düşünmək lazımdır. Belədə, turizm qurumları tərəfindən düzgün proqnoz aparılarsa, idman  yarışlarıdaha çox turistin ölkəmizə gəlməsində ən önəmli yeri tutacaq. İstərdim ki, Azərbaycana 5-10 milyon turist gəlsin”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, turistlərin say baxımdan artımı ölkə iqtisadiyyatı və xidmət sahəsinə ciddi pozitiv təsir göstərəcək: “Turizmlə bağlı son illər Azərbaycanda rəqəmsal olaraq artım fonunda bir dinamika müşahidə edilir. Dünyanın müxtəlif yerlərindən gələn turistlərin sayında artımlar baş verir. Turistlərin ölkəmizə daha çox gəlməsi iqtisadiyyatda ciddi multikativ  effekt yaradır. Burada dövlət büdcəsinə birbaşa verilən xeyirdən daha çox, yeni iş yerləri, xidmət sahələrinin yaranmasından söhbət gedir.

 Turist sayının artımı həmin sahədə çalışan insanların gəlirlərinin artması, dolayısı ilə turistlərə xidmət edən obyektlərdən gələn vergilərin də artması deməkdir. Ona görə də turist sayının çoxalmasının multikativ effekti var. Bu sahə bir çox digər sektorları  da öz ardınca apara bilən sahədir. Turizm sektoru kənd təsərrüfatı, sənaye sektoruna, ticarət dövriyyəsinə də ciddi təsir göstərir. Azərbaycanda da turistlərin sayının ildən-ilə artması dinamikası baş verir. Turistlərin artımı iqtisadiyyatın bir çox sahələrində də artımların olmasına səbəb olacaq. Əsasən də xidmət sahəsinə ciddi pozitiv təsir göstərəcək”.

R. SOLTANOV