Qaz kəmərinin zədələnməsi ilə əlaqədar bəzi rayonların yanacaqla təminatında fasilə yaranacaq

12 Yanvar 2020 17:31 (UTC+04:00)

Yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən Qaz İxrac İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib. Təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb. Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb.