"Ermənistan uğursuzluğa məhkum olacaq"
3 Aprel 2012 20:32 (UTC+04:00)
Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına belə
destruktiv ruhda yanaşacaqsa, qaçılmaz uğursuzluğa məhkum olacaq.
Bu barədə Trend-ə Ermənistan xarici işlər nazirinin müavini Şavarş
Koçaryanın respublikanın İctimai Televiziyasına müsahibəsini şərh
edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi
Elman Abdullayev bildirib.
"Ermənistan rəhbərliyi başa düşməlidir ki, belə yanaşma bütün
regionun inkişafını ləngidir və xüsusən, Ermənistanın öz xalqına
ziyan vurur. Ermənistan rəhbərliyinin indiki siyasi kursu diqqətcil
müşahidəçiyə hakimiyyətin bütün regionun və öz ölkəsinin gələcəyinə
mütləq etinasızlığını göstərir", - Abdullayev deyib.
Ermənistan xarici işlər nazirinin müavini Koçaryan müsahibəsində
bəyan edib ki, Azərbaycan və Türkiyənin Dağlıq Qarabağ münaqişəsi
məsələsində Ermənistanı birtərəfli güzəştlərə sövq etməklə bağlı
istənilən cəhdləri aşkar uğursuzluğa məhkumdur.
Abdullayevin sözlərinə görə, aydındır ki, sülh prosesinə belə
yanaşmada təkid etməklə Ermənistan hakimiyyəti öz şəxsi tamahkar
məqsədlərini güdür.
Abdullayev qeyd edib ki, Ermənistan rəhbərliyinin həmsədr ölkələrin
başçılarının bəyanatlarını aşkar təhrif etməsi yersiz və
gülüncdür.
Onun sözlərinə görə, həmsədrlər dəfələrlə və birmənalı şəkildə
bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo
yolverilməzdir.
"Azərbaycanın 20 faiz torpağını işğal edən və Azərbaycan
torpaqlarının yerli əhalisinə qarşı etnik təmizləmələr həyata
keçirən İrəvanın cəhdləri sülhsevər-gülməli görünür. Ermənistan
hakimiyyəti tərəfindən daim səslənən destruktiv xarakterli
bəyanatlar Ermənistanın sülh nizamlanması prosesinə münasibətinin
birbaşa sübutudur", - Abdullayev deyib. Onun sözlərinə görə, Dağlıq
Qarabağ ətrafında sülh prosesinin qəsdən uzadılması Ermənistanın
hərbi və işğalçı siyasətinin davamından başqa bir şey deyil.