Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

17 Yanvar 2020 16:54 (UTC+04:00)

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 17-də ədliyyə nazirinin müavini Eldar Nuriyev Masallı şəhəri Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir müavini həmçinin, yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı "ASAN" xidmət mərkəzinin fəaliyyəti, habelə Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Masallıda inşa olunan yeni məhkəmə binasının tikintisinin gedişatı ilə tanış olub.