Davos Forumundan sonra Azərbaycanla işbirliyinə can atanların sayı artır

25 Yanvar 2020 10:57 (UTC+04:00)

Dünya İqtisadi Forumlarının ən məşhuru olan Davos Forumunun builki toplantısının respublikamız üçün xüsusi özəlliyi ilə yadda qalıb. Prezident İlham Əliyevin bütün görüşlərində əsas diqqət ölkəmizdə həyata keçirilən islahatlara yönəlirdi. Son bir neçə ildə baş vermiş dəyişikliklər öz miqyası və dərinliyi etibarı ilə regionumuzda və ümumiyyətlə, Avrasiya məkanında işbirliyi olan dövlətlərin və şitkətlərin marağını özünə cəlb edib.

Bu diqqətin arxasında duran səbəblər isə islahatların xarakteri və ölkəmizdə, belə demək mümkünsə, baş vermiş iqtisadi və sosial inqilabın nəticələridir. İqtisadi uğurlarına görə Azərbaycan indi inkişaf etmiş dövlətlərlə ayaqlaşmaq iqtidarındadır. Ölkəmizin maliyyə imkanları hər hansı bir layihədə bərabər əsaslarla iştirak etməyə şərait yaradıb. Əhalinin rifah halının yaxşılaşması elə bir sürətlə gedir ki, beynəlxalq ictimai birliklərin hrsabatlarında nümunə kimi göstəriıir. Bu iki güclü cəhət cəmiyyətdə sabitliyi tam bərqərar edib ki, bu da əməkdaşlığın bütün parametrlər üzrə genişləndirilməsi üçün yeganə davamlı amil sayılır. Yəni, xarici tərəfdaşlarımız yaxşı anlayırlar ki, Azərbaycanda təhlükəsiz və gəlirli iş qurmaq üçün ən əlverişli situasiya mövcuddur.

Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin açılması üçün tərəflər arasında niyyət protokolu imzalanıb. Belə bir niyyətin meydana gəlməsi Azərbaycanın reegional liderliyinin bir daha təsdiqi və gələcəkdə daha da möhkəmləndirilməsi deməkdir.

Respublikamızın əsas makroiqtisadi göstəriciləri liderlik missiyasının başlıca atributlarəıdır.  Məsələn, ötən il Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollara çatıb. Ölkəmizin alıcılıq qabiliyyətinə görə 187 milyard dollar daxili məhsulu var.  Adambaşına düşən ümumi daxili məhsul 4800 dollar, alıcılıq qabiliyyətinə görə isə 18 min 600 dollardır.  Azərbaycanın valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 33,6 milyard, ixrac 19,6 milyard, müsbət saldo 6 milyard dollardır.  Təkcə keçən il ölkəmizə sərmayə qoyuluşu 13,5 milyard dollar olub. Xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir ki, bu da valyuta ehtiyatlarından 6,4 dəfə azdır. Faktlar möhtəşəmdir və iqtisadi inkişafın miqyasını güzgü kimi əks etdirir. Bu səbəblər eyni zamanda xaricdən göstərilən marağın əsas stimuludur.

Davos görüşlərində bu forumun regional mərkəzi ilə yanaşı daha bir transmilli şirkət öz regional ofisini Azərbaycanda açmaq barədə dövlət başçımıza məqsədini bildirib. Bu məqsədi “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel bəyan edib. Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdiyini qeyd edib. O, bildirib ki, bütün bunlar “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amillərdir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışmaqla yanaşı “Procter and Gamble Europe” şirkətinin fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətini və regional mərkəz olaraq məhz Bakı şəhərinin seçilməsini bəyan edib.

Hazırda Azərbaycanın dünyanın 50 ən inkişaf etmiş iqtisadiyyatı arasında 46-cı yeri tutması da  belə niyyətlərin mənbəyini təşkil edir. Davos səfəri zamanı Prezident İlham Əliyevin keçirdiyi  çoxsaylı səmərəli görüşlərdə Xəzərdə yeni kəşfiyyat işlərinin aparılması, eləcə də TAP layihəsinin icrasının daha da sürətləndirilməsi, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması haqda maraqlı mülahizələrlə zəngin idi. İlham Əliyevin Davos Forumunda iqtisadi problemlərlə yanaşı, siyasi problemləri də gündəmə gətirməsi, daha doğrusu, qarşı tərəfin Azərbaycanın mövqeyinə hörmət və ehtiram göstərməsi dövlət başçısının şəxsi nailiyyəti və ümumiyyətlə,  Bakının regionda söz sahibi olmasının təsdiqi idi.

N.NOVRUZ