"Əl-Cəzirə" Azərbaycan-İran münasibətləri ilə bağlı maraqlı detallar açıqladı

3 Aprel 2012 19:39 (UTC+04:00)
Azərbaycan və İran arasında son vaxtlar daha gərgin notlar üzərində köklənən münasibətlər beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir. Bu xüsusda dünyanın ən məşhur telekanallarından biri sayılan "Əl-Cəzirə"nin hazırladığı analitik materialda kifayət qədər maraqlı mətləblərə toxunulur.

Materialda qeyd olunur ki, Azərbaycan və İran arasında çox ciddi ziddiyyətlər mövcuddur: "Təəccüblüdür ki, bu ziddiyyətlərə baxmayaraq, iki ölkənin münasibətlərində heç vaxt tammiqyaslı böhran yaşanmayıb. Bəs onda nə baş verir? Azərbaycanda belə bir möhkəm əminlik yaranır ki, İran bu ölkədə islam inqilabının həyata keçirilməsinin təşviqatı ilə məşğul olan təşkilatlar şəbəkəsinin yaradılması üzrə fəaliyyəti maliyyələşdirməkdə davam edir. İranda ümid edirlər ki, bu, nə vaxtsa öz nəticəsini verəcək.

Azərbaycan cəmiyyəti isə dünyəvi normalara sadiqdir. Elə bu səbəbdən İranın maliyyələşdirdiyi fəaliyyət növü dini əhval-ruhiyyənin yüksək olduğu kiçik, lokal ərazi və qruplarla məhdudlaşır. Eyni zamanda belə təşkilatlar tərəfindən ideoloji təsirin genişlənməsinə qarşı aktiv mübarizə aparılır. Mövcud faktlar isə həmin təşkilatlara dəstəyin məhz İran tərəfindən göstərildiyini meydana qoyur".

Qətərdən yayımlanan "Əl-Cəzirə" telekanalı onu da vurğulayır ki, Azərbaycanla münasibətlər kəskinləşən vaxt İranın yüksək rütbəli rəsmi şəxsləri də şimal qonşularına qarşı analoji münasibətlər sərgiləyərək özlərini doğrultmağa çalışırlar: "Gün kimi aydındır ki, bu iki ölkənin maraqları həm də bir çox istiqamətlər üzrə üst-üstə düşür. Məsələn, Azərbaycan Qərbin İranla müharibə aparmasının tərəfdarı deyil və bu ölkəyə qarşı beynəlxalq sanksiyalara ehtiyatla yanaşır. Bundan başqa Bakı və Tehran ikitərəfli münasibətlərdə sabitliyin qorunub saxlanılmasına maraqlıdırlar".

Qətər telekanalı onu da bildirir ki, Bakı qətiyyən İranda separatçı əhval-ruhiyyənin hökm sürməsində maraqlı deyil: "Lakin İran da ərazisində ən böyük etnik qrup olan azərbaycanlıların hətta elementar tələblərini belə yerinə yetirmək niyyətində deyil və bunun digər etnik azlıqların fəallaşmasına gətirib çıxara biləcəyindən ehtiyat edir. Beləliklə, bir çox məqamları, o cümlədən İran azərbaycanlılarını diqqət mərkəzinə alaraq Bakı və Tehran mübahisə etməməyə çalışırlar. Yeri gəlmişkən İranda azərbaycanlılar Azərbaycanda olduğundan daha çoxdur. Və bu faktdır".

Son günlərdə isə İran və Azərbaycan münasibətləri kontekstindən diqqət mərkəzində olan başlıca məsələ isə Mark Perrinin müəllif olduğu ABŞ-ın "Foreign Policy Magazin" dərgisində dərc edilən təqribən on səhifəlik məqaləsi ilə bağlıdır. Xatırladaq ki, burada Azərbaycanın İsrail təyyarələrinin öz hava bazalarından istifadəyə imkan verməsi haqqında məlumat yer alıb.

Bu məlumat daha sonra qərbin digər media orqanları tərəfindən genişləndirilib.

Fransa Xəbər Agentliyi (AFP) Azərbaycan Prezident Administrasiyasının ictimai siyasət şöbəsinin müdiri Əli Həsənova istinadən İsrailə hava limanlarını açması barədə "Foreign Policy Magazin"də verilən məlumatları inkar edib. Əli Həsənov bildirib ki, İsrail hərbi təyyarələrinin Azərbaycandakı bazalardan istifadə etməsi barədə yayılan şayiələr Azərbaycanla İran arasındakı münasibətləri pozmaq məqsədi daşıyır. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi də bu barədə yayılan xəbərləri absurd və cəfəngiyat adlandırıb.

Qeyd edək ki, "Foreign Policy Magazin" də çoxlu qəzet və agentliyin istinad etdiyi məqalə də Azərbaycan rəsmilərinin bu ölkə ərazisindən başqa ölkələrə qarşı hücum təşkil edilməsinə imkan verməyəcəkləri barədə bəyanatlarına da yer verib. Məqalədə deyilir ki, Azərbaycan bu öhdəliyini yerinə yetirsə belə İsrailə əsaslı yardımlar göstərə bilər. Onların bəyanatlarında İsrail təyyarələrinin Azərbaycanda yerə enməsi və ya bu ərazilərdən axtarış-xilas əməliyyatları üçün istifadə etmələrinin istisna olunması barədə bir söz deyilməyib.

Britaniyanın "The Guardian" qəzeti isə "İsrail və Azərbaycan: ehtimal olunmayan müttəfiqlər" başlıqlı məqaləsində yazır ki, İsrail Azərbaycanla möhkəmlənmiş müttəfiqliyi nəticəsində bu ölkə təyyarələrinin İranın şimal ərazilərinə çıxışına imkan verəcək hava bazalarından istifadə imtiyazı əldə edib. Xəbərdə o da yazılır ki, ABŞ bu iddianın İranla-İsrail arasındakı münasibətləri daha da gərginləşdirə biləcəyindən və baş verə biləcək bir müharibəyə Qafqazların da daxil olmasına gətirib çıxaracağından ehtiyat edir.

İsraildə qərargahlanan təhlilçilər isə Obama administrasiyasını bilərəkdən İsrail və Azərbaycan arasındakı məxfi təmasları mətbuata sızdırmaqda günahlandırırlar. İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Yoel Quzanski bununla bağlı bildirir: "Bu, İsraili İrana hücumdan saxlamaq üçün aparılan kampaniyaya oxşayır. Obama administrasiyası xeyli narahatdır ki, İsrail hücum edəcək və bunu tezliklə edəcək. Onlar bunun qarşısını hər vəchlə almağa çalışırlar".

İsrailin "Yediot Ahronot" qəzetində "Obama İsrailə xəyanət edir?" başlıqlı məqalə ilə çıxış edən Ron Ben-Yişay isə dərc olunan məlumatı terror aktına bənzədib. Onun sözlərinə görə, Obama administrasiyası əlindən gələni edir ki, İsrail rəhbərliyi üçün İrana hücum etməyi çətinləşdirsin: "Ən pisi isə odur ki, baş verənlər İsrailin hücum olacağı təqdirdə itkilərini artıra bilər".

Səməd CƏFƏROV