Bank əmanətlərində faiz dəyişimləri

29 Yanvar 2020 09:27 (UTC+04:00)

Hazırda bir sıra ölkələrdə əmanətlər üzrə bank faizlərinin azalmasının yeni dalğası müşahidə edilir. Belə ki, bu ilin yanvar ayından etibarən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və bir sıra digər postsovet dövlətlərinin aparıcı bankları milli valyutadakı əmanətlər üzrə faiz dərəcələrini növbəti dəfə azaldıblar. Bankirlər bunu əmanətlər üzrə gəlirlərin azaldılmasının vacibliyini Mərkəzi Bankların uçot dərəcəsinin azaldılmasına yönəldilmiş siyasəti və kredit ehtiyyatlarına bazar tələbinin azaldılması fonunda izafi likvidlik səviyyəsi ilə izah edirlər. Azərbaycana gəldikdə, kommersiya bankları kreditlər üzrə faiz dərəcəsini salmadığı kimi, əmanətlər üzrə də bank faizlərini hələ də azaltmağı düşünmür. Halbuki, Mərkəzi Bankın siyasəti məhz bu istiqamətdədir. Mərkəzi Bankı iqtisadiyyatı canlandırmaq və kreditlərin dəyərini azaltmaq məqsədilə 2018-2019-cu illər ərzində uçot dərəcəsini 2 dəfə endirib. Cari ildə də sözügedən məsələ Mərkəzi Bank üçün prioritetlərdən biridir. Azərbaycanda hazırda bir sıra bankllar 10 faizdən əmanət qəbul edir. Bununla belə əksəriyyəti, xüsusən də iri banklar  8-9 faizdən də əmanət qəbul edir.

Bəs, görəsən, sözügedən ölkələrdə baş verən bu proseslər Azərbaycanın bank sektoru üçün də xarakterik ola bilərmi?

Maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, Azərbaycanda bankların əmanətlər üzrə faizləri aşağı salması iki amildən asılıdır. İlk növbədə banklar üçün pul əlçatan olmalıdır: “Azərbaycan bank sektorunun əmanətlər üzrə bank faizlərini azaltmağa getməsi üçün məsələnin iki tərəfi vardır. Birincisi, banklar üçün pul əlçatan olmalıdır. Yəni banklar əsasən iki mənbədən maliyyələşir. Biri əmanətçilər, digəri isə Mərkəzi Bankın verdiyi kreditlər. Mərkəzi Bank kredit vermirsə, yaxud da qeyri-bərabər verirsə, bankların birinə doğma, digərinə ögey münasibət göstərirsə, bu halda bankların faktiki yeganə ümid yeri əmanətlərlə bağlıdır. Azərbaycanda hazırda vəziyyət budur. Banklar əsasən Mərkəzi Bankdan kredit götürə bilmir. Ona görə də məsələ heç də Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması ilə həll olunmur. Uçot dərəcəsini aşağı salsalar da, həmin uçot dərəcəsilə kredit vermirlər. Yəni bankların əmanətlər üzrə faizləri aşağı salmamasında yaşanan əsas problem məhz bundan ibarətdir. Bu baş verərsə, yəni Mərkəzi Bank qeyri-bərabər münasibəti aradan qaldırsa, banklar da əmanətlərdə elə də maraqlı olmayacaq və əksəriyyəti faizləri endirəcək”.

Həmsöhbətimiz digər çıxış yolu olaraq. əmanətlərin tam sığortalanmasından imtina etməyi vacib bildi: “İkinci bir tərəfdən, əmanətlərin tam sığortalanması sistemindən birdəfəlik imtina etmək lazımdır. Martın 4-də əmanətlərin tam sığortalanması haqqında qanunun müddəti bitir. Müddət bitəndən sonra uzadılmasa, görünən də odur ki, daha uzadılmayacaq, bu halda hər kəsin əvvəllər olduğu kimi, bir bankda yalnız 30 min manatlıq vəsaiti sığortalanmaqda davam edəcək. İndiki halda isə , Azərbaycanda fəaliyyət göstərən bankların birindən başqa digər hamısı əmanətlər üzrə faizləri endirmək qərarına gəlsə də,  prosesdən uduşlu ona getməyən bank çıxacaq. Çünki bu halda hamı əmanətini yüksək faiz verən banka qoyacaq və bu halda da əmanətlər üzrə faizlər düşməyəcək. Deməli, bunun üçün əmanətlərin tam sığortalanmasından imtina edilməlidir. Belədə, əhali əlindəki vəsaitiləri bir neçə banka qoymalı olacaq. Nəticədə bütün banklarda əmanət faizləri enəcək və insanlar da əmanətini aşağı faizlə qoyacaq. İndilikdə, insanların psixologiyası korlanıb. Sovet dönəmində insanlar Əmanət Bankına illik maksimum 2-3 faizlə əmanət yatırırdı. İndi isə həmin faizlə heç kim banka əmanət qoymaq istəmir. İnsan tanıyıram ki,banka qoyduğu əmanətdən gələn yüksək faizlə də dolanır. Belə olmalı deyil. İnsanlarımız bank əmanətlərinin əsas gəlir mənbəyi olmaması fikrilə barışmalıdır”.

Rüfət NADİROĞLU