“Bakılift -2”nin sabiq rəhbəri yenidən məhkəmə qarşısında

29 Yanvar 2020 15:37 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mınimsəmədə ittiham olunan "Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mövqe.az-ın xəbərinə görə, prosesdə Ruslan Dilanov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər son qəpiyinə qədər xərclənib, smetadan kənar heç bir xərc olmayıb.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, rəhbərlik etdiyi "Bakılift-2"yə pullar bank vasitəsi ilə köçürülüb. Həmin məbləğ binalardakı liftlərin təmirinə və quraşdırılmasına xərclənib: "Dövlətdən 985 min manat pul almışam. Həmin pulun 270 min manatını vergiyə ödəmişəm. Rəsmi sənədlər də bunu təsdiq edir. Sosial müdafiyəyə, əlavə dəyər vergisinə, gəlir vergisinə, işçilərin maaşına verilən pullar hesablanmır. Halbuki bütün bu xərclər 985 min manatdan çıxılıb".

Tərəflərin suallarını cavablandıran R. Dilanov liftlərin quraşdırılması üçün fəhlələrə ödənilən məbləğlərin rəsmiləşdirilmədiyini qeyd edib.

Məhkəmə prosesi fevralın 5-də davam edəcək.

İttihama görə, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün pul vəsaiti ayrılıb. Həmin vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.

İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir.

Törətdiyi əmələ görə, R.Dilanova qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.