Banklar kredit faizlərini aşağı salacaq?

7 Fevral 2020 08:49 (UTC+04:00)

Bildiyimiz kimi, Mərkəzi Bank bu yaxınlarda uçot dərəcəsini 7,5-dən 7,25 faizə endirib. Bu addımda məqsəd bankları kredit üzrə faiz dərəcəsini aşağı salmağa sövq etdirməkdir. Lakin kommersiya bankları hələlik yalnız dollar və manatla olan əmanət faizlərini endirib, 10 faizdən aşağı həddə salıblar. Problemli kreditlərin ümumi kredit portfelində faizi də azalaraq 8,3 faizə düşüb. Belə olan halda kredit faizləri də məntiqlə azalmalıdır. Çünki bankların öhdəliyi azalıb. Görəsən, banklar kredit faizlərini aşağı salacaqmı?

İqtisadçı ekspert Cümşüd Nuriyev kommersiya banklarının kredit faizlərini aşağı salacaqlarına o qədər də inanmır: “İnanmıram ki, banklar kredit faizlərini aşağı salsın. Çünki hazırda 16 faizdən aşağı kredit verilmir.  Bütün banklar heç bir faiz istəmədən bu məlumatı sms-lə hamıya göndərir. Banklar bir sıra hallarda reklam haqqında qanunu da ciddi şəkildə pozurlar. İnsanların əksəriyyəti də qanunvericiliklə tanış  olmadığından çox tez belə hallara aldanırlar. Belədə insanları bir növ kredit borcu burulğanına salırlar. Dünyanın heç bir yerində Azərbayvanın kommersiya banklarının etdiyi kimi səviyyəsi pul-kredit siyasəti yoxdur. Necə olur ki, dolları depozitə 1 faizlə, manatı 11 faizlə götürürlər, amma xarici valyuta ilə kredit verəndə birdən-birə 12-14 faizlə verirlər. Dünyanın heç bir yerində banklar 4 faizdən aşağı qəbul etmirlər. Çünki xüsusi borc götürmə hüququna görə, dollarla qəbul edilən depozitləri 4 faizdən aşağı qəbul edə bilmərik. Ölkəmizdə isə bunu 1-2  faizlə qəbul edir, 11-12 faizlə kredit verirlər. Belədə ölkənin bank sistemi çapıb talamaqla məşğuldur. Belə vəziyyətdə bankların kredit faizini aşağı salmağa gedəcəklərinə inanmıram”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə qeyd etdi ki, ciddi iqtisadi təlatümlər olmasa növbəti mərhələdə kredit faizlərinin azalması tendensiyası baş verəcək: “Ölkəmizdə kredit faizlərinin formalaşmasına təsir göstərən bir sıra faktorlar var. Onlardan birincisi məhz uçot dərəcəsinin aşağı salınması, problemli kreditlərin kredit portfelində həcminin azalmasıdır. Hansı ki, bu istiqamətlərdə atılan addımlar kredit faizlərinin azaldılması üçün müəyyən iqtisadi əsaslar yaradıb. Ancaq prosesə həmçinin mövcud rezervlər və bazarda tələblə təklif arasında olan konyuktura da təsir edir. İndiki halda biznes və ev təsərrüfatlarına kredit verilməsi risqi yüksəkdir ki, bu da kredit fazilərinin azalmasına neqativ təsir edir. Tələb də həmçinin yüksəkdir. Baxmayaraq ki, hazırda bankların müdafiə etdiyi vəsaitləri var. Lakin onu bazarda yerləşdirə bilmirlər. Sadəcə, müştərilərin indiki halda ödəmə qabiliyyəti aşağı olduğundan onların kreditlə bağlı müraciətləri indiki halda qiymətləndirilmir. Biznes subyektlərinin bir çoxunun gizli iqtisadiyyatın subyekti olması da, bu istiqamətdə kredit təşviqi imkanlarını məhdudlaşdırır. Xüsusən də manatın məzənnəsinin  üzən rejimə keçirilməməsi, sabit saxlanılması gələcək üçün risqlər formalaşdırır. Biznes adətən orta və uzunmüddətli dövr üçün vəsait cəlb etməkdə maraqlıdır. Amma Azərbaycan bankları üzən məzənnə rejiminin olmaması və resurslardan asılılıq fonunda orta və uzunmüddətli dövr üçün kredit verməyə həvəs göstərmirlər. Bu qiymətlər fonunda da banklar daha yüksək kredit faizi təklif edir. İstənilən halda, görünən odur ki, kredit faizlərinin də aşağı salınması prosesi gedir. Faizlərin azalması növbəti mərhələdə daxildə və xaricdə hər hansı bir ciddi iqtisadi böhranlar baş verməsə davam edəcək”.

Rüfət NADİROĞLU