Qarabağda yeni müharibə proqnozları verilir

3 Aprel 2012 19:41 (UTC+04:00)

Zəfər Quliyev: "Bu cür fikirləri başa düşmək çətin deyil"


Üzeyir Cəfərov: "Ermənistanın sərgilədiyi siyasət göstərir ki, proseslər müharibəyə aparır"

Sirr deyil ki, Azərbaycanın hərbi potensialının güclənməsi, müdafiə sənayesinin inkişafı, xaricdən modern silahların alınması, büdcədən silahlı qüvvələrə ayrılan vəsaitlərin həcminin artması Ermənistanda ciddi narahatlıq yaradır. Düşmən ölkədə hesab edirlər ki, Azərbaycan birmənalı şəkildə müharibəyə hazırlaşır. Etiraf olunur ki, müharibənin başlanılması Dağlıq Qarabağın azad olunması ilə nəticələnəcək.

Dağlıq Qarabağ münaqişəsinin hər an alovlana biləcəyini artıq xarici ekspertlər, Qərb mediası və təşkilatları bəyan etməyə başlayıblar. ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyətinin səmərə verməməsi, Ermənistan Silahlı Qüvvələrinin nəinki Dağlıq Qarabağdan, ətraf rayonlardan belə çıxarılmaması, bu rayonların Azərbaycana təhvil verilməməsi müharibə risklərini artırır.

Azərbaycan tərəfinin müharibəyə nə vaxt başlayacağı barədə konkret vaxt göstərilməsə də, rəsmi Bakının hücuma tam hazır olduğunu deyirlər.

Politoloq Zəfər Quliyevin sözlərinə görə, Azərbaycan tərəfi heç vaxt müharibə variantından imtina etməyib: "Ölkə başçısı İlham Əliyev dəfələrlə bildirib ki, sülh danışıqları fayda verməsə, Azərbaycan dövləti, xalqı torpaqları silah gücünə də olsa, işğaldan azad edəcək. Bu mənada xarici ekspertlərin, siyasi-hərbi araşdırma institutlarının hesabatları ilə razılaşmamaq olmur. Amma fakt budur ki, müharibəyə başlamaq indiki məqamda tək Azərbaycanın istəyi ilə həll olunmur. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərini düşündürən münaqişənin həlli deyil, müharibənin olmamasıdır. Onlar bilirlər ki, münaqişəni həll edə bilməyəcəklər və ya da bunu istəmirlər. Lazım olan müharibənin olmamasıdır və buna nail olurlar. Bu siyasət Dağlıq Qarabağda status-kvonun saxlanılmasına şərait yaradır və Ermənistana sərf edir. Azərbaycan hakimiyyəti isə mövcud durumla barışmaq istəmir və bir növ yaranmış vəziyyət ölkə rəhbərliyində inamsızlıq yaradıb. Mən Azərbaycan hakimiyyətində və cəmiyyətində ATƏT-in Minsk qrupuna inamsızlığın yarandığını müşahidə edirəm".

Politoloq bildirdi ki, atəşkəs sazişi imzalanan gündən Qarabağda bu gün-sabah müharibənin başlanacağı barədə məlumatlar yayılıb: "Bəzən bundan siyasi məqsədlər, daxili ictimai fikri formalaşdırmaq, müəyyən məsələlərdən çəkindirmək üçün də istifadə edirlər. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı işğal etməyə hazır olduğunu, Ermənistan hakimiyyəti isə müdafiə etməyə qadir olduqlarını bəyan edirlər. Beynəlxalq qurumlar isə tərəfləri müharibə ritorikalarından əl çəkməyə çağırırlar. Dərk etmək lazımdır ki, münaqişə artıq qlobal problemlərin sırasına daxil olub. Münaqişənin həllilə dünyanın aparıcı dövlətləri - Fransa, ABŞ və Rusiya aktiv şəkildə məşğuldur. Azərbaycan və Ermənistan müharibəyə başlayarlarsa, hər iki ölkəyə böyük təhlükə yaranacaq. İlk növbədə hakimiyyətlər əlbəttə, bu təhlükəni hiss edəcəklər".

Hərbi ekspert Üzeyir Cəfərov yaxın zamanlarda Dağlıq Qarabağda müharibə olacağını düşünmür: "Düşünürəm ki, Azərbaycanın hərbi fəallığı ona yönəlib ki, beynəlxalq təşkilatlar münaqişənin həlli məsələsində bir qədər tələssinlər. Amma cəmiyyətlər hələ müharibəyə hazır deyil. Prezidentlərin görüşlərində, həmsədrlərin səfərlərində müharibə variantı birmənalı şəkildə istisna olunur. Sarkisyan yaxşı bilir ki, Dağlıq Qarabağda müharibə olmayacaq. Həmsədr dövlətlər münaqişəni tezliklə həll etmək istəmirlər. Onlar vaxtı uzadırlar ki, bu Ermənistanın xeyrinə işləyir".

Xarici ekspertlərin müharibə ehtimalının yüksək olmasına dair fikirlərinə gəldikdə isə ekspert hesab edir ki, burada təəccüblü heç nə yoxdur: "Ermənistanın sərgilədiyi siyasət göstərir ki, proseslər müharibəyə aparır. Bu ölkə vaxtı udmaqla, əldə olunan razılaşmaları pozmaqla məşğuldur. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid qalmayıb. Amma Azərbaycanın silaha əl atması risklidir. Gərək, super dövlətlərin razılığını alasan ki, müharibəyə başlayasan".

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan müharibəyə başlayacağı təqdirdə qısa müddətdə işğal altındakı ərazilərin böyük hissəsini azad edə bilər: "İldırım sürətli hücumun qarşısında, sözsüz ki, Ermənistan silahlıları duruş gətirə bilməyəcək".



R.XƏLİLOV