Qəsdən adam öldürməkdə şübhəli bilinən Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini K.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə RPŞ-yə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edilib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.
Goranboy RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.