Qələm və karandaşın Azəraycandan apardığı milyonlar

15 Fevral 2020 09:57 (UTC+04:00)

Azərbaycanda son illərdə dəfərxana yazı ləvazimatlarının və məktəb-yazı mallarının istehsalı sahəsində yeni müəssisələrin yaradılması ölkəmizə bu qrupa aid malların idxalını xeyli azaldıb. Hazırda həmin malların əksəriyyəti ölkəmizdə istehsal edilir və əhali onlardan istifadə etməkdə tərəddüd etmir. Hazırda bu növ malların illik dövriyyəsi 200 milyon manatdan artıqdır və onların təxminən 80 faizə yaxını ölkəmizdə istehsal edilir.

Lakin bununla belə bir sıra dəftərxana yazı ləvazimatları var ki, Azərbaycan onu idxal etməklə məşğuldur. Onlardan biri də müxtəlif növ qələm və karandaşlardır. 2019-cu ilin statistikasına əsasən ölkəmiz 19 milyon dollar dəyərində müxtəlif növ dəftərxana yazı ləvazimatları və məktəb-yazı mallarını idxal edib. İdxal edilən bu növ malların 3,25 milyon dollarını qələm, karandan və onların hissələri təşkil edib. Azərbaycan qələmin önəmli qismini Türkiyədən alıb. Türkiyə ötən il 137 ölkəyə 11 milyon 819 min dollarlıq qələm ixrac edib. Bunların içərisində Azərbaycan da var. Türkiyənin qələm ixrac etdiyi ölkələr arasında ilk yeri Misir (2 milyon 406 min dollar) tutur. Növbəti beşlikdə isə İraq (826 min dollar), Şimali Kipr (641 min dollar), Azərbaycan (564 min dollar), Almaniya (558 min dollar) və Rusiya (547 min dollar) yer alıb.

Ən çox tələbələr tərəfindən istehlak olunan qələm həm də dəyərli hədiyyə olaraq populyarlığını saxlayır.

Ölkəmizə ən çox diyircəkli qələmlər idxal edilir. 2019-cu ildə 32 milyon ədədə yaxın diyircəkli qələm idxal olunub və bu məqsədlə 1,6 milyon dollar xərclənib. Bundan başqa ucluğu fetr və digər məsaməli materialdan qələmlər və markerlərə 525 min dollar, sadə və qrifelli rəngli karandaşların idxalına 725 min dollar, digər qələm və karandaşlara 103 min dollar pul xərclənib. Əvvəlki illərlə müqayisədə qələm və karandaş idxalında artımın olması müşahidə edilib.

Qeyd edək ki, Azərbaycanda dəfərxana yazı ləvazimatlarına və məktəb-yazı mallarına tələb ildən-ilə artır. Artım bir tərəfdən əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi ilə bağlıdırsa, digər tərəfdən də əhalinin sayının yüksəlməsi ilə əlaqəlidir. Dinamika göstərir ki, dəftərxana ləvazimatları bazarı böyüməyə meyilldir və gələcəkdə bu növ malların satış imkanları daha da artacaq. Böyük tələbatın olmasını nəzərə alaraq Azərbaycanda idxalı böyük olan yazı ləvazimatlarının, o cümlədən qələm və karandaş istehsalını təşkil etmək səmərəli ola bilər. Bu sahədə yaxşı müəssisə yaratmaqla idxalın çox hissəsini əvəzləmək mümkün olar.

Yazı ləvazimatlarına əsasən məktəblərdə ehtiyac var. Rəsmi statistikaya əsasən, Azərbaycanda təxminən 1,6 milyon şagird orta ümumtəhsil məktəbinə gedir. Bu şagirdlərin hər biri üçün məktəbli forması, məktəbli çantası ilə yanaşı yazı dəftəri, iş dəftəri, qələm, pozan və digər müxtəlif adda yazı ləvazimatları alınmalıdır.

Statistikaya əsasən dəfərxana və məktəbli yazı ləvazimatlarına xərclənən pul ildən-ilə artır və qarşıdakı illərdə onun pərakəndə ticarəti bir qədər də genişlənəcək. Yalnız dəftərxana ləvazimatlarına xərclənən vəsait qısa müddətdə 2 dəfədən çox artıb. 2014-cü ildə dəftərxana ləvazimatlarına 84 milyon manat pul xərcləndiyi halda 2018-ci ildə xərclənən vəsaitin məbləği 180 milyon manatı ötüb.

Bu baxımdan Azərbaycanda dəftərxana və məktəbli yazı ləvazimatlarının istehsalı iqtisadi cəhətdən səmərəlidir. Bu sahə üzrə istehsalı zəruri edən bir çox amillər var. Yerli istehsalın olması 2 problemin həllinə kömək edə bilər. Birinci, Azərbaycanın xarici valyutada xərclərini azaldar. Yazı ləvazimatları müxtəlif mal qruplarını əhatə edir. Bu qrup məhsullara ilin bütün aylarında tələb olur. Avqust, sentyabr dövründə tələb dəfələrlə yüksəlir və uşağı məktəbə gedən ailələrdə ciddi xərc yaradır. Təəssüflər olsun ki, bu məhsulların böyük hissəsi idxal hesabına ödənilir.

Dəftərxana və məktəbli yazı ləvazimatları xərcləri həm də xarici valyutaya tələbi artıran xərc maddələrindəndir. Yerli istehsal təşkil edilərsə, məhsullar daha ucuz olar və əilələrin xərcləri azalar.

Qabaqcıl ölkələrin bir çoxunda yazı ləvazimatlarının istehsalı ilə kiçik və orta ölçülü müəssisələr məşğul olur. Azərbaycanda da bu sahədə istehsalın kiçik müəssisələr tərəfindən təşkili yazı ləvazimatlarının idxalını azaltmağa kömək edə bilər. Yerli istehsalın olmaması səbəbindən idxaldan asılılıq yüksəkdir. Bu amil ölkədən böyük məbləğdə valyutanın getməsinə səbəb olur. İstehsal təşkil edilmədiyindən əhalidə yerli məhsullara tələb də zəif olur. Yazı ləvazimatlarının istehsalı böyük xərc tələb etmir. Eyni zamanda bu sahə yüksək ixtisas tələb edən sahə də deyil. Azərbaycanda sərmayə qoymaqla yazı ləvazimatlarının müxtəlif çeşidinin istehsalını təşkil etmək mümkündür.

Bu baxımdan Azərbaycanda yerli istehsalın dəstəklənməsinə, sahibkarlara güzəştli kreditlərin təklif edilməsinə ehtiyac var. Bunun təşkil edilməsi həm yerli istehsalın genişləndirilməsi, həm də idxaldan asılılığın aradan qaldırılmasına və böyük məbləğdə valyutanın Azərbaycanda qalmasına kömək edəcək.

 

Vasif CƏFƏROV