Azərbaycanlı jurnalisti Quzey Kıbrıs haqqında kitab çap etdi

18 Fevral 2020 09:47 (UTC+04:00)

Jurnalist Böyükağa Mikayıllının “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabı çapdan çıxıb. Müəllif bu kitabda Akdənizin inci suları ilə əhatələnmiş Kıbrıs adasının tarixindən, adanın ən qədim sakinləri olan türklərin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən, adanın dünyada tanınan görkəmli şəxsiyyətlərinin həyatından bəhs edir. Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılması, xüsusilə 1950-ci illərdən sonra adada baş verən siyasi hadisələr, rum millətçilərinin türklərə qarşı törətdikləri soyqırım, Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi Barış hərəkatı, Kıbrıs türklərinin öz haqları uğrunda apardıqları qəhrəmanlıq mübarizəsi aydın şəkildə, faktlara istinad edilməklə oxucuya çatdırılır. Kitabda Barış hərəkatından sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin həyatında müsbətə doğru baş verən dəyişikliklər, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, xüsusilə təhsil sahəsinin inkişafı, dünyanın qabaqcıl universitetləri ilə rəqabət apara biləcək ali təhsil müəssisələrinin yaradılması jurnalistin araşdırdığı əsas sahələr kimi diqqəti cəlb edir. Jurnalist Quzey Kıbrısı addım-addım gəzərək Kıbrıs türkünün məişətini, həyat tərzini, arzu və istəklərini, inancını, tarixdən bu günə yaradıcılıq imkanlarını, sarsılmaz ruhunu, bu ruhun yaratdığı, miras qoyduğu əzəmətli tarixi abidələri, mədəniyyət incilərini dünya oxucusuna göstərir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Quzey Kıbrısa səyahət edənlər, təhsil mütəxəssisləri, müəllimlər, Kıbrısın tarixini araşdıranlar, bu ölkədə təhsil almaq arzusunda olanlar, ümumiyyətlə ürəyində Kıbrıs sevgisi yaşadanlar üçün maraqlı olacağına inanırıq.

Qeyd edək ki, kitabın Azərbaycan və ingilis dillərində versiyaları çap olunub. Yaxın günlərdə Türkcəyə uyğunlaşdırılmış variant oxuculara təqdim ediləcək.