LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

19 Fevral 2020 08:32 (UTC+04:00)
Azərbaycanın sürətli iqtisadi inkişafı, əmək bazarının canlanması, habelə turizm infrastrukturunun müasirləşdirilməsi respublikada miqrasiya proseslərinin idarə olunmasında çevik üsul və vasitələrin tətbiqini, habelə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini obyektiv zərurətə çevirib. Xatırlatmaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında hazırkı iqtisadi inkişaf mərhələsi üçün aktual bir mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına da geniş yer ayrılıb. 
Regional inkişaf proqramlarında miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin mənafelərinin nəzərə alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması; miqrantların hüquqlarının müdafiəsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi vacib məsələlər yer alıb. Ötən illərdə dövlət proqramının uğurla icrası nəticəsində bölgələrin proporsional inkişafı təmin olunub, iri şəhərlərə kütləvi axının – urbanizasiya proseslərinin qarşısı, demək olar ki, alınıb, daxili və xarici miqrasiyanın tənzimlənməsi sahəsində müsbət nəticələr əldə edilib. 
Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra atılıb. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından digərgin düşməsini, o cümlədən respublikanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirib. Bu mərhələdən ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fikirlərin, narahatlıqların və təhlükələrin aradan qalxması, yaşayış üçün yeni perspektivlərin açılması xarici ölkələrə miqrasiya prosesinin qarşısını alıb, eyni zamanda əvvəlki illərdə Azərbaycandan köçüb getməyə məcbur olan vətəndaşlar, o cümlədən milli azlıqların nümayəndələri tədricən geriyə qayıdıblar.
İctimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda lokomotiv rolunu oynayan "Əsrin müqaviləsi"nin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə, əlverişli biznes və sərmayə mühitinin formalaşmasına təkan verib, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması xüsusən də əmək miqrantlarının respublikamıza marağını gücləndirib. Həmin dövrdə modern texnogiyalarla işləyən bilən yerli kadrların yoxluğu, habelə onların təcrübəsinin qənaətbəxş səviyyədə olmaması nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal yanaşılırdı. Bununla belə, əcnəbi əmək miqrantlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata düşməsi, ölkə qanunlarına riayət etməsinə diqqət artırılmış, daxili işlər, milli təhlükəsizlik, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tərkibində bu işlə məşğul olan xüsusi qurumlar yaradılmışdı. Dövlət sərhəd xidməti və gömrük orqanları da ölkəyə qeyri-qanuni miqrantların daxil olmasına qarşı mübarizə aparan qurumlar sırasında idi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərin qarşı effektiv mübarizə tədbirləri həyata keçirildi. 
Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi Azərbaycan Respublikasında miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Eyni zamanda ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, yaxud qanuni əsaslar olmadan daimi yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artır. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirib. 
Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı bu istiqamətlə ilk mühüm addımlarından biri kimi hələ 2006-cı il 25 iyul tarixdə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında" sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer alıb.
Azərbaycanda miqrantların rahatlıqlarını təmin etmək üçün Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirir. Respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma, müvəqqəti və daimiyaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq-mühafizə orqanı statusunu daşıyan Xidmət həm də miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasını, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərini həyata keçirir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin tələbinə görə əcnəbi 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti yaşadığı dövrdə gəlişinin bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşamaq üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir.
Bundan əlavə ölkə ərazisində qanunsuz yaşayan, eləcə də qaçqın statusu almaq niyyətində olan şəxslər hüquqi statusları müəyyənləşənədək qanunda göstərilən müddətə kimi Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara uyğun olan Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində yerləşdirilir, qanunamüvafiq tədbirlər görülür, müvafiq qərarlar qəbul olunur.
Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilib. Bir daha qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən edilməsi, müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi miqrasiya orqanları tərəfindən həyata keçirilir. Dünyanın bütün ölkələrində qanunsuz miqrasiya halları var. Əsas məsələ bu arzuolunmaz halın qarşısını almaq və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır. Dövlət Miqrasiya Xidməti bu işin öhdəsindən uğurla gəlir və bu barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.
Samir Mustafayev