LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

19 Fevral 2020 08:40 (UTC+04:00)

Son illər qeyri-neft sektorunun inkişafı, biznes mühitinin liberallaşdırılması məqsədilə hökumət səviyyəsində həyata keçirilən kompleks tədbirlər kiçik və orta sahibkarlığın inkişafını sürətləndirib. Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində qısa müddətdə mühüm layihələri gerçəkləşdirməyə nail olub. 
Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş Nizamnaməyə əsasən, Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini, tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin məqsədi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, ölkə iqtisadiyyatında kiçik və orta biznesin rolunu möhkəmləndirmək, KOB-ların maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək, onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir. 
Agentlik tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, habelə sahibkarların hüquqların qorunması istiqamətlərində dəstək göstərilir. Agentliyin strukturuna Kiçik və orta biznes evləri; Kiçik və orta biznesin inkişafı mərkəzləri; Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi; Kiçik və orta biznesin inkişafı fondları daxildir. 
Ümumilikdə, qurumun məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, onların xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmasına, bu sahəyə yerli və xarici investisiyaların cəlbinə nail olmaqdır. Eyni zamanda, Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sisteminin səmərəliliyinin artırılması, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin edilməsi, KOB sektorunun davamlı inkişafına nail olmaq və onun ölkə iqtisadiyyatındakı rolunun artırılmasından ibarətdir. Agentliyin əsas hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.
Qurumun yaradılması ilə bağlı strateji baxış Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə kiçik və orta biznesin ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, KOB subyektlərinin maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsidir. 
Qurumun struktur bölmələri olan Kiçik və orta biznes (KOB) evləri sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə xidmətlərin göstərilməsidir. Eyni zamanda, KOB evləri sahibkar məmnunluğu təmin etməklə, onların maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına, təlim, məsləhət, informasiya və beynəlxalq mübadilə proqramlarında iştirakına çalışır. Eyni zamanda, biznes ideyasına malik şəxslərin ideyalarının dəqiqləşdirilməsi və sahibkarlıq fəaliyyətinə başlamalarına şəraitin yaradılması, yeni biznes ideyaların və startapların dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin hüquqlarının qorunması bu fəaliyyətin əsasını təşkil edir. 
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanına əsasən, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid "G2B" (dövlət-biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi, hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" üzrə xidmətlər KOB evləri vasitəsilə həyata keçirilir.
Agentliyin Kiçik və Orta Biznesin Dostu, qısaca desək "KOB Dostu" layihəsi də mikro, kiçik və orta biznesə dəstək modeli kimi özünü doğruldur "KOB Dostu" fəaliyyət göstərdiyi ərazi üzrə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olaraq onların inkişaf təşəbbüslərini və potensial imkanlarını müəyyən edir. Həmçinin, yeni kiçik və orta biznes subyektlərinin yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir. "KOB Dostu" eləcə də mikro, kiçik və orta sahibkarların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. 
Hazırda ölkənin 14 şəhər və rayonunda 20-dək "KOB Dostu" fəaliyyət göstərir. Respublikanın digər rayon və şəhərlərində də KOB dostlarının fəaliyyəti nəzərdə tutulur. Mikro, kiçik və orta sahibkarlar fəaliyyət göstərdikləri inzibati ərazi vahidlərində və ya coğrafi baxımdan onlara ən yaxın olan "KOB Dostu"na biznesin qurulması və inkişafı, hüquqlarının müdafiəsi kimi məsələlərlə bağlı müraciət edə bilirlər. KOB dostları və onlarla əlaqə vasitələri barədə məlumatları isə Agentliyin www.smb.gov.az saytından əldə etmək mümkündür.
Agentliyin struktur bölmələri tərəfindən mikro, kiçik və orta sahibkarlara onlar üçün qanunvericilikdə nəzərdə tutlmuş güzəştlər barədə də ətraflı məlumat verirlər. Məsələn, Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75 faizi vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddırlar. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar "Startap" şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunurlar. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib. Artıq mikro, kiçik və orta sahibkarlar qaz və su təchizatı, tullantı suların axıdılması sistemlərinə qoşulmaq üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, eləcə də fiziki qoşulmanın həyata keçirilməsi üçün "Kiçik və Orta Biznes evləri"nə, "ASAN kommunal" mərkəzlərinə və ya "ASAN xidmət"ə müraciət edə bilərlər. Sahibkarın kommunal xidmətlərə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən ən geci 20 gün ərzində həyata keçirilir, texniki şərtlərin verilməsi isə pulsuzdur.
Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif sahələrdə biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlətin güzəştli kreditlərindən istifadə etmək inkanı yaradılıb. Belə ki, sahibkarlar sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələri üzrə dövlətin güzəştli kreditləri üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

Samir Mustafayev