Dilimizə məsuliyyətsiz yanaşma ciddi təhriflərə yol açır

19 Fevral 2020 08:13 (UTC+04:00)

Azərbaycan mətbuatında ta keçmişdən indiyədək, xüsusilə də müasir dövrümüzdə Azərbaycan dilinin inkişafı və ifadəetmə qabiliyyəti barədə dilçi alimlərin, jurnalistlərin məqalələri dərc edilib, tənqid və tövsiyələr bildirilib. Lakin həyat inkişaf etdikcə dilin öhdəlikləri artır və anlayışların, o cümlədən coğrafi adların daha dürüst və dəqiq ifadəsi tələb olunur.

Bugünkü yazımızda dünya coğrafiyasında intensiv hallanan bəzi şəhərlərin adının Azərbaycan dilində necə səslənməsi məsələsinə toxynacağıq. Buna səbəb bir neçə gün əvvəl Almaniyanın Münhen şəhərində keçirilmiş beynəlxalq tədbirdən hazırlanan reportajlarda bu şəhərin adının Münxen kimi yazılması oldu. Həm də bu məsələ diqqətimizi ona görə çəkdi ki, "Münhen"i "Münxen" kimi yazan öz elmi səviyyəsi, dilimizin qrammatikası və orfoqrafik, habelə orfoepiya qaydaları çərçivəsində düzgün yazılmasına görə örnək saydığımız бир сыра медиа органларынын məlumatlarında baş vermişdi. Görəsən, niyə? Məsələ burasındadır ki, heç "Münhen" yazılması da həmin şəhərin dəqiq adını əks etdirmir. Çünki, almanlar özləri bu şəhərin adının yazılışını "Münix" kimi tələffüz edirlər. Fransızlar "Müniş" oxuyurlar. Ruslar isə "Münxen" deyirlər və bəlamız da ondadır ki, biz vaxtilə rusların təsiri (bunu təbii və ya imperiya təsiri adlandıra bilərik, hərçəndi bunun indi elə bir əhəmiyyəti yoxdur) ilə şəhərin adını onlardan əxz etmişik. Amma, guya özümüzküləşdirib, bəlkə də dilimizə uyğunlaşdırmaq kimi düşünüb "Münhen" yazmışıq. Və bu şəhərin bu cür yazılışı dilimizdə özünə vətəndaşlıq hüququ qazanıb. Artıq 30 ildir ki, müstəqilik və dilimizin inkişafına yad təsirlərin olması inzibati yaxud amiranəlik baxımında mümkün deyil. Belə olan halda nə üçün biz "Münhen"i sırf rusca səslənən "Münxen"ə dəyişməliyik? Prinsipcə, dəyişmək olar. Amma rusca tələffüzə yox, elə həqiqətin tələb etdiyi almanca tələffüzə dəyişmək daha doğru seçim olar: "Münix", nida işarəsi!

Eynilə Fransanın paytaxtı Paği və bu ölkənin qeyri-rəsmi sənub paytaxtı sayılan Tuluz şəhərlərinin adlarını da olduğu kimi tələffüz etsək, bəyəm, ayıb olar? Yox, əksinə, dilimizin bütün qaydalarına uyğun tələffüz edərək hörmətimizi artırmış olarıq. Rus dilində "Paris" deyirlər. Fransızca bu cür yazılır deyə ruslar öz dillərinə uyğun belə tələffüz edirlər. Ancaq fransız dilində "r" hərfinin yalnız şəkli var, səslənməsi isə bizim "ğ" hərfini təcəssüm edir. Və fransız dilinə məxsus sözlərdə axırıncı hərf tələffüz olunmadığına görə fransızlar öz paytaxtlarını "Paği" adlandırırlar. "Paği" ilə "Paris" arasında olan fərqi görməmək mümkün deyil. Yaxud "Tuluz" şəhəri. Ruslar hansı əsasla bu şəhəri "Tuluza" adlandırırlar, məlum deyil. Fransızca yazılışı belədir: "Toulouse". "Ou" hərf birləşməsi fransız dilində bizim "u" hərfini bildirir. Sözün axırıncı hərfi oxunmadığı üçün şəhərin adı "Tuluz" kimi tələffüz olunur. Lakin bizim mətbuatda nadir hallarda düzgün olaraq "Tuluz" yazılır. "Tuluza" orijinala uyğun deyil, heç bizim dildə də gözəl səslənmir.

Bir sıra başqa şəhər adları da var. Məsələn, Hindistanın "Delhi" şəhərini "Dehli", İsveçrənin "Geneva" şəhərini "Cenevrə" (əslində "Jenev" olmalıdır) adlandırırıq. Belə misalların sayı "n" qədərdir.
Bu gün azərbaycanlılar bütün dünyanı gəzməyə, fikir mübadiləsi aparmağa, coğrafi adları dəqiqləşdirməyə imkanı olan müstəqil dövlətdə yaşayırlar. Buna görə hər bir sahədə həqiqətə doğru istiqamətlənmək düzgün olardı. Bu, öz coğrafi adlarımızın əcnəbilər tərəfindən düzgün tələffüz edilməsinə də kömək edərdi. Daha "Qarabağ" sözünü rus dilindən götürüb "Karabakh" kimi yazmazdılar. Qərb dillərində bizə əziz olan və strateji məqsəd daşıyan "Qarabag" yazılması tamamilə düzgün olardı.

N.NOVRUZ