LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

22 Fevral 2020 08:30 (UTC+04:00)


Son illər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatların Azərbaycanın beynəlxalq səviyyədə müsbət imicinin formalaşmasına mühüm təsiri olub. Xüsusilə də qeydiyyat sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilməklə uğurlu nəticələr əldə edilib. 
"Doing-Business" hesabatının «Biznesə başlama» göstəricisi üzrə Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gün, tələb olunan məbləğ isə 72 manatdır. 
Vergilər xidnməti orqanları tərəfindən son illər biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib. Xüsusilə də 2011-2013-cü illərdə elektron qeydiyyat üzrə aparılan islahatlar biznes qurmaq istəyən sahibkarların işini xeyli asanlaşdırıb. 2011-ci il iyulun 1-dən fərdi sahibkarların «e-qeydiyyat» sisteminə başlanılıb və bu da sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergi orqanına getmədən internet vasitəsilə uçota dayanmasına imkan verib. 2012-ci ilin fevral ayından isə Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də qeydiyyatı elektron üsulla aparılmaqdadır. Kommersiya hüquqi şəxslərin «e-qeydiyyat» sisteminin tətbiqi üçün ölkənin 4 qanunvericilik aktına dəyişikliklər edilib. Bu sistemin tətbiqi hüquqi şəxsləri dövlət qeydiyyatı ərəfəsində yerinə yetirilməli olan 3 məcburi prosedurdan keçmək zərurətini tamamilə aradan qaldırıb və qeydiyyatın aparılmasına sərf edilən müddət azaldılıb. Bundan əlavə, hüquqi şəxslərə «elektron imza»dan istifadə etməklə sənədlərini qeydiyyat orqanına təqdim etmək imkanı yaradılıb.
Hesabatın vergi orqanlarının işinə aid daha bir göstəricisi olan «Vergilərin ödənilməsi» reytinqi üzrə ölkəmiz ötənilki hesabatla müqayisədə bir pillə irəliləyərək, 28-ci pillədə qərarlaşıb və vergilərin ödənilməsinin asanlığına görə MDB məkanında ilk yerlərdən birini tutur. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və digər ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və s. aid edilir.
Dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və «Vergilərin ödənilməsi» göstəricisinə görə ölkəmizin mövqeyi xeyli yaxşılaşıb. Hesabatda ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması  və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb. Artıq Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bunun da nəticəsində həmin hesabatların hazırlanmasına və ödənişlərin həyata keçirilməsinə sərf olunan vaxt 81 saat qiymətləndirilib. Ümumilikdə isə digər yığımlar - sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə sərf olunan vaxt 195 saat müəyyənləşdirilib. 
Qlobal böhran şəraitində qeydiyyatdan keçən sahubkarlıq subyektlərinin sayının artması ölkədə əlverişli biznes mühitinin mövcudluğunu bir daha təsdiqləyir. 
İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinin 2013-cü ildə fəaliyyətə başlaması və «Asan imza»nın təqdim edilməsi elektron qeydiyyat sahəsində təklif olunan xidmətlərin çeşidinin və keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm rol oynayıb. 2012-ci ilin sonlarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilmiş respublika müsabiqəsində «Ən yaxşı elektron dövlət xidməti» nominasiyasında Vergilər Nazirliyinin «Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı» layihəsi qalib gəlib. Həyata keçirimiş islahatar ölkəmizin beynəlxalq reytinq cədvəllərində biznesə başlama və qeydiyyat üzrə mövqeyinin möhkəmlənməsinə müsbət təsirini göstərib. 
Biznes mühitində daha bir xidmətin - yeni yaradılan kommersiya hüquqi şəxs üçün seçilmiş adın qeydiyyat orqanında bron edilməsi üzrə e-xidmətin istifadəyə verilməsi də mühüm yeniliklərdən biridir. Ümumiyyətlə, son illərdə bu sahədə görülmüş işlər təkcə qeydiyyat prosedurlarının təkmilləşdirilməsi məsələlərini deyil, həmçinin biznes mühitinin sağlamlaşdırılması, təsisçilərin və kreditorların hüquqlarının müdafiəsi sahəsini də əhatə etmişdir. 
Bundan əlavə, Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin təsisçilərin qərarı ilə könüllü ləğv edilməsi və bu sahədə beynəlxalq təcrübə”yə dair tövsiyələri nəzərə alınmaqla beynəlxalq təcrübə daha ətraflı öyrənilib. Kommersiya hüquqi şəxslərin könüllü ləğv edilməsi prosedurlarının təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktlarda – Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunda» dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib. 
Həmin layihələr əsasında Azərbaycan Respublikasının Mülki və İnzibati Xətalar məcəllələrinə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının qanunları 2013-cü il 22 noyabr tarixdə Milli Məclisdə qəbul edilib. Həmin dəyişikliklərlə əlaqədar sahibkarlara daha bir xidmət - ləğvetmə qaydası və müddətləri barədə məlumatın mətbuatda yerləşdirilməsinin, həmin məlumatın qəzetdə dərc edilməsi barədə məlumatlandırmanın elektron qaydada aparılması üzrə e-xidmət təklif edilir. 
Qanunvericilikdə aparılmış dəyişikliklərə uyğun olaraq Vergilər Nazirliyinin 2014-cü il 11 fevral tarixli əmri ilə «Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları» yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilən bu qaydaların tədris edilməsi məqsədilə 2014-cü il fevralın 21-də nazirliyin qeydiyyat orqanının işçiləri üçün «Hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi məsələləri» mövzusunda təlim keçirilib. Qanunvericilikdəki dəyişikliklərlə əlaqədar müvafiq texniki tapşırıq hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
Hazırda vergi ödəyiciləri qeydiyyat ilə bağlı ərizələrini elektron şəkildə təqdim edə bilirlər. Bank idarələri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin təşkili sahibkarların marağına xidmət etməklə hesabların açılması prosedurunun əhəmiyyətli dərəcədə sadələşməsinə və vergi ödəyicilərinin vaxta qənaət etmələrinə şərait yaradıb. Bu səbəbdən də banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasına dair sazişə qoşulan bankların sayı ilbəil artır. 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli fərmanına müvafiq olaraq «ASAN ödəniş» sisteminin yaradılması təmin edilib. Fərmanda qeyd olunurdu ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə "ASAN ödəniş" sisteminin təşkilini və fəaliyyətini və ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təmin edib. 
"ASAN ödəniş" sistemi inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini; inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını; inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin edib. 
Bütün bunlar isə qeydiyyatla bağlı islahatların bundan sonra daha da sürətlə aparılmasına və respublikamızda biznes mühitinin daha da yaxşılaşdırılmasına əminlik yaradır. 

Samir Mustafayev