Magistraturaya ixtisas seçimi başa çatıb

1 İyul 2013 12:14 (UTC+04:00)

Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başa çatıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, ixtisas seçimi 3 gün müddətində davam edib. Belə ki, bakalavrlar iyunun 27-dən 30-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetiriblər. Ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə aparılıb. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılıblar.

Magistraturaya qəbul imtahanında iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub. 

 

Qeyd edək ki, bu il Azərbaycanda magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.