Dünya iqtisadiyyatı təhdid altına düşdü

25 Fevral 2020 10:14 (UTC+04:00)

Öldürücü qabliyyətə malik olan koronavirusun yayılmasının qarşısını almaq hələ də mümkün olmayıb. Son məlumatlara əsasən, koronavirusun yayıldığı ölkələrin sayı 30-a yüksəlib. Virusun yayılması insanların sağlamlığı ilə bağlı çox böyük narahatçılıq yaratmaqla bərabər, regional və qlobal iqtisadiyyatlara mənfir təsir də göstərir. Virus aşkarlanan ölkələrlə qonşu və uzaq ölkələr ticarət, turizm və digər əlaqələrini məhdudlaşdırır. Bunun nəticəsində həmin ölkələrin timsalında qlobal iqtisadiyyatın göstəriciləri pisləşir.

Koronavirusun yayıldığı və Azərbaycana ən yaxın olan ölkə İrandır. İranda 12 nəfər, bəzi mənbələrin məlumatına görə isə 18 nəfər bu virusa yoluxduqdan sonra ölüb. İranda vurusun sürətlə yayılması müşahidə edildiyindən qonşu ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan da İranla təmaslarını minimuma endirib. Bu vəziyyət əlbəttə ki, İran iqtisadiyyatı və onunla əlaqəsi olan ölkələr üçün mənfi iqtisadi nəticələr doğuracaq.

Buna görə də deyə bilərik ki, koronavirusun yayılması sadəcə həmin ölkələrə deyil, həm də onunla eyni regionda yerləşən ölkələrin iqtisadiyyatına mənfi təsiri olacaq.

Bəs, vurusun daha çox ölkəyə yayılmasının hansı mənfi qlobal iqtisadi nəticələri ola bilər? Ekspert qiymətləndirmələrinə əsasən virusun iqtisadiyyatlara mənfi təsiri onun yayılma arealından və müddətindən asılı olacaq. Əgər virus daha çox ölkəyə yayılarsa, bunun nəticəsində daha çox insan virusa yoluxarsa, o zaman qlobal iqtisadiyyat ciddi zərərlə, böhranla üzləşə bilər.

Hazırda virusun qlobal iqtisadiyyata mənfi təsiri onun Çin iqtisadiyyatına mənfi təsirindən qaynaqlanır. Çin iqtisadiyyatı ciddi zərərlə üzləşərsə, bundan dünya iqtisadiyyatının digər hissəsinin də zərər görməsi qaçınılmaz olacaq. Çünki Çin iqtisadiyyatı ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. O, dünya iqtisadiyyatı üçün istehsal fabriki rolunu oynayır. Çin həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır.

Ümumi qiymətləndirmələr göstərir ki, virus ilk növbədə turizmə mənfi təsir göstərir. Virusun yayılmaqda davam etməsi çinli turistlərin digər ölkələrə səfərlərini çətinləşdirib. Çin dünyada turist ixrac edən əsas ölkədir. Hər il onmilyonlarla çinli turist xarici ölkələrə səfər edir. Bununla əlaqədar olaraq həmin ölkələrin ümumi turizm qazancına Çin 200 milyard dollardan artıq töhfə verir. Virus epidemiyası ilə əlaqədar olaraq Çindən gələn turislərin xarici ölkələrə səfərlərində çətinliklər yaranıb. Eyni zamanda vurusa yoluxma riski ilə əlaqədar olaraq Çinə turist səfərləri də xeyli azalıb. Virusun yayılmasına görə Çinə gələn turistlərin sayında 30 faiz azalma qeydə alınıb.

Xarici turizmdə böhranın yaranması qlobal sərnişin və yük daşımalarına da neqatuv təsir edəcək. Bu səbəbdən Çinə səfərlər təşkil edən şirkətlər ciddi maliyyə itkiləri ilə üzləşəcək. Virusa yoluxma qorxusu və müəyyən məhdudiyyətlərlə əlaqədar olaraq turist səfərləri azalmaqda davam edir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) koronavirus səbəbindən qlobal aviadaşımalara tələbatın 2009-cu ildən bəri ilk dəfə azalacağını və nəticədə aviaşirkətlərin 29 milyard dollardan çox itirəcəyini bildirib.

IATA itkilərin əsasən Asiya-Sakit okean bölgəsində cəmləşəcəyini gözləyir. Təkcə Çin Hava Yolları epidemiya səbəbindən 12,8 milyard dollar itirəcəyini bildirən assosiasiya, 2020-ci ildə aviadaşımalara tələbatın 4,1% artacağını proqnozlaşdırıb. Hazırda proqnoz 0,6% azalma həddinə endirilib.

Virusun yayılması Çində tələbin və istehsalın azalmasına səbəb olacaq ki, bu da qlobal ticarəti də zəiflədəcək. Virusun daha çox insana keçməməsi məqsədilə bir çox iş yerləri, o cümlədən istehsal müəssisələri fəaliyyətini müvəqqəti dayandırıb. İstehsalın dayanması eyni xarakterli digər sahələrdə olan istehsala mənfi təsir edəcək. Bu hal zəncirvari təsir yaradacaq. Mövcud vəziyyət Çində alış-verişi azaldacaq ki, bu, dünya iqtisadiyyatı üçün xarici bazarlarda sözügedən ökənin istehsalına məxsus malların satış həcminin enəcəyi gözləntisindən daha çox mənfi təsir və nəticələr doğuracaq. Bu isə o deməkdir ki, sonuncu Çində əgər istehsalın azalması ilə nəticələnəcəksə, birinci bilavasitə xarici, yəni bu ölkədən kənarda olan istehsalçıların fəaliyyətini zəiflədəcək.

Çində və digər ölkələrdə virusun yayılmasının Azərbaycana mənfi iqtisadi təsirinin olma ehtimalı hər keçən gün bir qədər də artır. Virusun mənfi təsiri özünü neftin ucuzlaşmasında göstərə bilər. Uzun müddət idi ki, Brent neftinin qiyməti 60 dollardan aşağı düşmürdü. Neftin qiyməti bizim üçün önəmlidir. İqtisadiyyatda stabilliyin yaranmasında, iqtisadi aktivliyin artmasında neft qiymətlərinin qane edilən səviyyədə olması önəmlidir. Əgər virusun yayılması prosesi qarşıdakı aylarında da davam edərsə, nefti daha çox ucuzlaşdıra bilər.

Virusun Azərbaycanın qonşusunda aşkarlanması ölkəmizə xarici turistlərin səfərlərinə də mənfi təsir göstərəcək. Belə ki, turislər xarici ölkələrə səfər zamanı virusun yayılmadığı ölkələrə üstünlük verəcək. Azərbaycanda virus yayılmasa da İrana yaxınlıq və əlaqələrin güclü olması müəyyən tərəddüdlər yaradacaq. Eyni zamanda İran vətəndaşlarına qarşı tətbiq olunan məhdudiyyətlər ölkəmizə İrandan da turistlərin gəlməsinin azalmasına səbəb olacaq.

 

Vasif CƏFƏROV