Ana və uşaq ölümündə günahkar olan həkim işə çıxmır-Eksklüziv

1 İyul 2013 14:26 (UTC+04:00)

İsmayıllı rayonunda baş verən ana və uşaq ölümünün araşdırılması üçün lazımi tibbi sənədlər artıq Səhiyyə Nazirliyinə göndərilib. Bu günlərdə baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında araşdırmalara başlanılacaq. Bu məlumatı Movqe.az-a eksklüziv  olaraq Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva bildirib. G. Ağayevanın sözlərinə görə,  iyunun 27-də baş verən ana və uşaq ölümü ilə bağlı araşdırmalar tibbi sənədlərə əsasən aparılacaq: "Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızının ilkin diaqnoza görə, tromboemboliyadan dünyasını dəyişdiyi bildirilir. Meyid eskumasiya olunmadığından, tibbi sənədlərə əsasən, yəni mərhumun hamiləlik dövrü müayinələri əsasında araşdırma aparılacaq. Araşdırırıq görək hamiləlik dövründə onun müayinəsi tibbi tələblərə uyğun aparılıb, ya yox? Hamiləlik dövründə döldə müayinələr zamanı hansı fəsadların olması araşdırılacaq. Bizə verilən bilgiyə görə, Ş. Ağabalayeva hamiləlik dövründə Lahıc qəsəbəsindəki tibbi məntəqədə qeydiyyata düşərək hamiləlik boyu 7 dəfə müayinədən keçib. Hətta xəstə müayinə üçün Bakıya da gəlib. Amma bunların hamısı araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək". 

Qeyd edək ki, iki qız anası olan Ağabalayeva Şəhla xəstəxanaya müraciət edərkən onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib. Hamilə qadının bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra Ş. Ağabalayevanın vəziyyəti pisləşib. Onda tənəffüs çatışmazlığı, göyərmə, ürək ağrıları baş qaldırıb. Dərhal xəstəyə reanimasyon tədbirlər görülüb. Amma buna baxmayaraq tromboemboliya diaqnozu ilə xəstə həyatını itirib. Xatırladaq ki, mərhumun həkimi öz əmisi qızı mama-ginekoloq Məlahət Hüseynova olub.