Əmanətlərin tam sığortalanmasının zərərli tərəfi açıqlandı

26 Fevral 2020 10:30 (UTC+04:00)

Bu ilin martın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti başa çatacaq. Artıq dörd ildir ki, qanun tətbiq edilir. Bank ictimaiyyətində səslənən əsas fikir ondan ibarətdir ki, bu qanunun tətbiq müddəti uzadılmamalıdır. Bu cür düşünənlərin fikrincə, bütün əmanətlər əvvəlki qaydada sığortalanaraq kompensasiya edilməlidir. Əvvəlki qaydaya əsasən bank bağlandıqda sığortalanan əmanətlər üzrə maksimum 30 min manat kompensasiya verilə bilər. Mövcud qanun isə əmanətlərin tam kompensasiya edilməsini nəzərdə tutur.

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov da hesab edir ki, əmanətlərin tam sığortalanması üzrə müddətin artırılmasına ehtiyac yoxdur, artıq müəyyən limitlərin qoyulması məqsədəuyğun olar. Bank rəhbəri qeyd edib ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır: “Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir. Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı”. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər: “Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım”.

Xatırladaq ki, bundan öncə daha bir neçə bank rəsmisi də açıqlamalarında əmanətlərin tam sığortalanmasının dayandırılmasını təklif edib.

Maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov da “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun əleyhinədir. O hesab edir ki, qanunun müddətinin uzadılmasına ehtiyac yoxdur. Onun fikrincə, qanunun tətbiqinin iki mənfi nəticəsi var: “Qanun ilk növbədə ölkədə faizlərin yüksəl olmasına xidmət edir. O cümlədən kredit faizlərinin yüksəl olmasına imkan verir. Qanunun olması böyük məbləğdə vəsaiti olan fiziki şəxsə daha yüksək faizlə əmanət qəbul edən bankı seçməyə imkan yaradır. Həmin bank da yüksək faizlə əmanət qəbul etdiyinə görə, yüksək faizlə də kredit verir. Əgər belə bir qanun olmasa böyük məbləğdə pulu olan fiziki şəxs pulunu bir yox, bir neçə banka, o cümlədən aşağı faizlə əmanət qəbul edən banka qoymağa məcburdur. Bu halda banklar daha aşağı faizlə əmanət qəbul edib, daha ucuz kredit vermək imkanı əldə edəcək.

Mövcud qanunun ikinci zərərli tərəfi bankların üzərinə daha böyük sığorta öhdəliyi qoymasıdır. İnsanlar elə bilir ki, bank bağlananda ona pulu dövlət öz vəsaiti hesabına qaytarır. Əslində belə deyil. Bəli, vəsaiti tez qaytarmaq üçün Əmanətlərin Sığortalanması Fondu və ya onun vəsaiti yetmədikdə dövlət pul ayırır. Lakin Fond tərəfindən ayrılan pul sonradan bağlanan bankın əmlakından götürülür. Dolayısı ilə qaytarılan vəsaiti bank ödəmiş olur”.

Ə.Həsənov tövsiyə edir ki, hazırda bağlanmaq ehtimalı olan bank varsa, onun “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşənə qədər etmək lazımdır. Çünki vətəndaşlar əmanətlərin tam sığortalanmasına güvənərək bir banka böyük məbləğdə pul qoyub. Qanun isə martın 4-dən sonra qüvvədən düşür və hər hansı bank bir gün sonra bağlanarsa və orada vətəndaşın böyük məbləğdə, məsələn 100 min manat həcmində pulu varsa, onun cəmi 30 mini qaytarılacaq. Qalan vəsait qalacaq. Ekspert söylədi ki, bu məsələ qanunun məzmununda öz əksini tapıb: “Qanuna əsasən o, qüvvədə olduğu dövrə təminat verir, qüvvədən düşdükdə köhnə qaydalar qüvvəyə minir. Məsələn, bir il əvvəl vətəndaş banka 100 min manat pulu 3 il müddətinə yerləşdirib. Tam sığortalanma haqqında qanun bir ildən sonra qüvvədən düşür, amma əmanətçinin müqaviləsi davam edir. Müqavilənin qanunun qüvvədə olduğu dövrdə bağlanmasına baxmayaraq, qanun qüvvədən düşdükdən sonra onun həmin müqaviləyə tətbiqi də dayandırılır. Çünki bu şərt qanunda qeyd edilir. Ona görə də martın 4-dən sonra hansısa bank bağlansa, əmanətlərə görə maksimum 30 min manat kompensasiya veriləcək”.

Ə.Həsənov hesab edir ki, kompensasiya məbləğini artırmaq olar, amma çox yox: “Kompensasiya məbləğini 50 min manata qədər artırmaq olar. Çox artırılarsa əmanətlərin tam sığortalanmasının yaratdığı zərər aradan qalxmayacaq”.

 

Vasif CƏFƏROV