Əli Əhmədov: “Ölkədəki hazırkı ictimai ovqat YAP-ı qane edir”

1 İyul 2013 17:19 (UTC+04:00)

 "Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyi ilə bağlı YAP-ın V qurultayının qərarını birmənalı olaraq dəstəkləyir".


Mövqe.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov bu gün YAP Nəsimi rayon qərargahında partiya fəalları ilə görüşü zamanı deyib.

 

O qeyd edib ki, son 10 ildə əldə olunan uğur və nailiyyətlər xalqın dəstəyinin əsas səbəbidir. Onun sözlərinə görə, İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək və bu isə Azərbaycanın növbəti beş ildə də bütün sahələrdə inkişafının, təhlükəsizliyinin qarantı deməkdir: "Bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin seçimi yalnız İlham Əliyevdir. Seçicilərin tam əksəriyyəti qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcəklər".

 

Ə. Əhmədov qeyd edib ki, ölkədəki hazırkı ictimai ovqat da YAP-ı qane edir: "Seçkilərdə qalib gəlməklə bağlı bizim heç bir nigarançılığımız yoxdur. Amma seçkilərə hansısa bir töhfə vermək partiyanın hər bir üzvünün məsuliyyətidir".

 

O qarşıdan gələn seçkilər ilə bağlı Nəsimi rayon təşkilatı üzvlərinə bir sıra tövsiyələr və tapşırıqlar da verib.

 

Görüşdə YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı və deputat Məlahət İbrahimqızı da iştirak ediblər.