Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO) (YENİLƏNİB)

27 Fevral 2020 15:57 (UTC+04:00)

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Bu barədə Mövqe.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Artur müəllim, ilk növbədə, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə. O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.

Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, vətəndaşların rifah halı yaxşılaşdırıldı. Maaşların, pensiyaların orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur.

Bu gün Azərbaycan möhkəm ayaqda duran güclü dövlətlər sırasındadır və istənilən sınaqdan şərəflə çıxa bilmişdir. O cümlədən bir neçə il bundan əvvəl dünyada baş vermiş iqtisadi, maliyyə böhranı bizə təsir etsə də, hesab edirəm ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxa bilmişik. Həmin müddətdə təbii ki, biz daim təmasda idik və hesab edirəm ki, vaxtında atılmış addımlar bizi böyük problemlərdən sığortalaya bilmişdir.

Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.

Yubileyiniz ərəfəsində mənim Sərəncamımla siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birmənalı mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmisiniz. İcazə verin, bu ordeni sizə təqdim edim.