ATU rəhbərliyi İraqın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

27 Fevral 2020 17:03 (UTC+04:00)

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə İraq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdə ümumilikdə 335 nəfər İraq vətəndaşının təhsil aldığını bildirib. Rektor qeyd edib ki, onlardan 321 nəfəri tələbə, 13 nəfəri hazırlıq dinləyicisi və 1 nəfəri rezidentdir: “Biz tələbələr arasında fərq qoymuruq. Xarici ölkə vətəndaşı olan tələbələrə də eyni diqqət və qayğını göstəririk. Bizim beynəlxalq əlaqələrimiz gün-gündən inkişaf edir. Sizinlə də əlaqələrin yaradılmasında, qarşılıqlı mübadilələr aparmaqda maraqlıyıq”.

İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Əlmamori bu görüşün ikitərəfli münasibətlərin genişlənməsi istiqamətində ilk addım olduğunu vurğulayıb: “Universitetinizdə olduqca çox sayda tələbəmiz təhsil alır. Onların yaşayışı, davranışı bizə maraqlıdır. Biz onlara cavabdeh şəxslərik. İstərdik ki, iraqlı tələbələrlə görüşlər keçirək. Çünki tibb olduqca həssas və vacib sahələrdəndir. İraqa sizin universitetin tələbələri üçün 3-9 aylıq praktik dərslər təşkil edə bilərik. Bundan başqa, tələbə, müəllim mübadilələri edə bilərik”.

Görüşdə İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkil müavinləri dr. Huhaifa Mahmoud, Zaid M. Abed, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, ümumi işlər üzrə prorektor Tahir Vəiyev, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov iştirak ediblər.