Pentensiar Xidmət UNİCEF-in hesabatını qərəzli adlandırdı-Özəl

1 İyul 2013 18:33 (UTC+04:00)

UNICEF-in yeni hesabatında Brüsseldə uşaqlarla  bağlı keçirilən Ədalət konfansında bu sahədə islahatların davam etməsinə baxmayaraq, Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində uşaqların hələ də ədalət əldə etməsində böyük çətinliklərin olduğu qeyd edilib. Hesabatda azadlıqdan məhrum edilmiş uşaqların sayının azalmasından danışılır. Hesabatın müəllifləri, eyni zamanda, bütün bu ölkələrdə (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna) işgəncə və sui-istifadə hallarının aşkar olunmasını qeyd edir. Hesabatda qeyd olunur ki, bu ölkələrin hamısında praktiki olaraq məhbusları tək kameraya yerləşdirməyə icazə verilir. Bununla yanaşı, hesabatda adıçəkilən ölkələrin bir çoxunun tədricən beynəlxalq standartlara uyğun qanunvericiliyi inkişaf etdirdiyi vurğulanır: "Yerli qanunvericilikdə çıxarılan hökm və islahatların dəyişdirilməsi də dəmir barmaqlıqlar arasında olan uşaqların sayının azalmasına kömək edib. Müəyyən irəliləyişlərə baxmayaraq, ədalət hələ uşaqların maraqlarını nəzərə almır. Ədliyyə sistemi elə qurulmalıdır ki, bütün uşaqların hüquqlarını təmin edə bilsin"-deyə, UNİCEF-in icraçı direktorunun müavini Yoka Brandt bildirib.

Azərbaycanın Penitensiar Xidməti isə UNİCEF-in hesabatını qərəzli hesab edir.  Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda 18 yaşına çatmayan məhkumların sayı digər MDB ölkələri ilə müqayisədə azdır. M. Sadıqov həmçinin Azərbaycanda məhkum uşaqlara işgəncə verilməsi barədə səslənən fikrin də əsassız olduğunu söylədi: "Pentensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə mütəmadi olaraq hüquq müdafiəçiləri, millət vəkilləri baş çəkirlər. Eyni zamanda bu müəssisədə "açıq qapı" günü keçirilir ki, həmin günlərdə məhkum uşaqlara ailələri ilə görüşüb söhbətləşmək üçün imkan verilir. Son vaxtlar Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrində, ələxüsus da, tərbiyyə müəssisəsində məhkumları saxlanma şəraiti yaxşılaşdırılıb. Onlara futbol oynamaq üçün mini stadion, kompyuter və sair peşə öyrənmək üçün  kurslar açılıb. Nümunəvi məhkum uşaqlar hətta şəhəri gəzintiyə də çıxarılır. UNİCEF yaxşı olardı ki, məhkum uşaqlarla bağlı hesabat hazırlayarkən öncə gəlib Azərbaycandakı Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə baş çəkərdi və burada şəraitlə tanış olardı".